Çağrı Mərkəzi: 960
​Azərbaycanın nümayəndə heyəti Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının 41-ci iclasında iştirak edib

​Azərbaycanın nümayəndə heyəti Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının 41-ci iclasında iştirak edib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Avrasiya Patent Təşkilatının “İxtiraçılığa və patent işinə verdiyi töhfəyə görə” V.İ.Blinnikov adına qızıl medalı ilə təltif olunub

2022-ci il 20-21 sentyabr tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının hibrid formatda 41-ci (iyirmi doqquzuncu növbədənkənar) iclası keçirilib.

Tədbirdə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya Federasiyası, Tacikistan və Türkmənistanın əqli mülkiyyət qurumlarının rəsmi şəxsləri, həmçinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndələri iştirak edib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Azərbaycan Respublikasının İnzibati Şuradakı səlahiyyətli nümayəndəsi Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasa onlayn formatda qatılıb.

İclasda APT-nın 2022-ci il büdcəsinə dəyişikliklər və Təşkilatın 2023-cü il büdcəsi, Avrasiya patentlərinin verilməsi üçün müraciətlər üzrə sənədlərin elektron mübadiləsi qaydası təsdiq olunub, Rüsumlar haqqında, Avrasiya Patent Konvensiyasının (APK) Patent Təlimatına və İnzibati Təlimatına dəyişikliklər edilib.

Bundan başqa, faydalı modellərin, əmtəə nişanlarının və xidmət nişanlarının hüquqi qorunması üzrə vahid Avrasiya sisteminin yaradılması, patent mübahisələrinin baxılması sisteminin təkmilləşdirilməsi, APT-nın Sənaye nümunələrinin qeydiyyatı haqqında Haaqa sazişinin Cenevrə Aktına (2 iyul 1999-cu il) qoşulması, APT ilə bir sıra beynəlxalq təşkilatlar və dövlətlər arasında əməkdaşlıq haqqında memorandumların imzalanması, Avropa Patent İdarəsi və APK-nın iştirakçı-dövlətlərinin milli patent qurumları arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, APT-nın V.İ.Blinnikov adına qızıl medalı ilə təltifedilmə və digər məsələlər (ümumilikdə 15-dən çox məsələ) də müzakirə olunaraq, müvafiq qərarlar qəbul edildi.

Sədr Kamran İmanov faydalı modellərin, əmtəə nişanlarının və xidmət nişanlarının hüquqi qorunması üzrə vahid Avrasiya sisteminin yaradılması, patent mübahisələrinin baxılması sisteminin təkmilləşdirilməsi məqsədilə Avrasiya məhkəməsinin təsis edilməsi barədə məsələlərin müzakirəsində fəal iştirak etdi. O cümlədən, əmtəə nişanlarının və xidmət nişanlarının hüquqi qorunması üzrə vahid Avrasiya sisteminin yaradılması ilə bağlı Avrasiya İqtisadi İttifaqının əmtəə nişanlarının qeydiyyatı sisteminin hələ də fəaliyyətə başlamamasının səbəblərinə aydınlıq gətirməsini xahiş etdi. Həmçinin, APT-nın Avrasiya əmtəə nişanlarının hüquqi mühafizəsi sisteminin yaradılması layihəsi ilə bağlı verdiyi məlumatın nəzərə alınmasını və üzv dövlətlərin milli patent idarələrində aparılan tədqiqatlar barədə Avrasiya əmtəə nişanlarının hüquqi mühafizəsi sisteminə təsir edəcək mövqelərin uyğunlaşdırılması üçün əlavə məlumatın verilməsini təklif etdi.

İnzibati Şura əmtəə nişanlarının Avrasiya hüquqi mühafizəsi sisteminin yaradılması layihəsinə dair APT-nın verdiyi məlumatları müzakirə edərək bu sistemin yaradılması layihəsi üzrə işçi qrupun işinin nəticələri haqqında məlumatın nəzərə alınması, sistemin yaradılmasının məqsədəuyğunluğu ilə bağlı milli patent idarələrinə əlavə əsaslandırmalar hazırlamaq, əsas yanaşmalar və mexanizmlər barədə məlumat verilməsi məsələlərini araşdırmaq, eləcə də bu sahədə vahid Avrasiya sisteminin yaradılmasında Razılığa gələn dövlətlərin marağını öyrənmək üçün tapşırıqlar verdi.

K.İmanov sənaye mülkiyyəti sahəsində regional məhkəmə yurisdiksiyasının yaradılması ilə bağlı APT-nın səlahiyyətinin olmadığını bildirdi. O, Razılığa gələn dövlətlərin səlahiyyətli dövlət orqanlarına təqdim edilmək üçün məlumatların milli patent idarələrinə çatdırılmasını, əsaslandırılmasının iqtisadi və hüquqi vasitələri nəzərə alınmaqla, bu məsələnin işlənib hazırlanmasını təklif etdi.

İnzibati Şura patent mübahisələrinə baxılması üçün Avrasiya sisteminin təkmilləşdirilməsi layihəsi ilə bağlı məsələni geniş müzakirə edərək, qeyd edilən layihə üzrə işçi qrupunun işinin nəticələri haqqında məlumatın nəzərə alınması və İnzibati Şura üzvlərinin təklifləri nəzərə alınmaqla, patent mübahisələrinin həlli üçün Avrasiya sisteminin təkmilləşdirilməsi məsələsi üzərində yenidən işlənilməsi barədə qərar qəbul etdi.

İnzibati Şuranın qərarı ilə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “İxtiraçılığa və patent işinə verdiyi töhfəyə görə” V.İ.Blinnikov adına qızıl medala layiq görülüb.

Türkmənistan Maliyyə və İqtisadiyyat Nazirliyinin Əqli Mülkiyyət üzrə Dövlət Xidmətinin rəisi Ata Annaniyazov İnzibati Şuranın yeni sədri seçilmişdir.

İnzibati Şuranın növbəti iclasının 2023-cü ilin ikinci yarısında Minsk şəhərində keçirilməsi barədə razılığa gəlindi.



Sənədlərin ONLAYN qəbulu PƏNAHÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51startup1https://azranking.az/TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzZəfərstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×