Azərbaycanlı qadın ixtiraçının beynəlxalq uğuru

Qadınların elm, texnologiya və ixtiraçılıq sahəsində fəaliyyəti bəşəriyyətin innovasiya tarixinin mühüm tərkib hissəsini təşkil edir. Bu gün gündəlik istifadə etdiyimiz bir sıra texnologiyaların yaradılmasında qadın ixtiraçıların mühüm xidmətləri olmuşdur. Onların elmi yaradıcılığı həyat səviyyəsinin yüksəldilməsinə, elmi-texniki tərəqqinin sürətlənməsinə və müasir cəmiyyətin inkişafına əhəmiyyətli töhfə vermişdir. Beynəlxalq tədqiqatlar göstərir ki, ixtiraçılıq fəaliyyətində qadınların daha fəal iştirakı patentlərin sayının artmasına, müxtəlif və praktik texnoloji həllərin meydana çıxmasına, xüsusilə tibb, ekologiya və sosial innovasiyalar sahəsində yeni yanaşmaların formalaşmasına, yüksək texnologiyalara əsaslanan sahibkarlığın inkişafına və bütövlükdə innovasiya iqtisadiyyatının güclənməsinə müsbət təsir göstərir. Bu baxımdan qadın ixtiraçıların dəstəklənməsi təkcə bərabər imkanların təmin edilməsi deyil, həm də ölkələrin innovasiya potensialının və rəqabətqabiliyyətinin artırılmasının mühüm amillərindən biri hesab olunur.
Azərbaycan da elm və innovasiya sahəsində mühüm uğurlar qazanmış görkəmli qadın alim və ixtiraçıları ilə fəxr edir. Onların elmi fəaliyyəti ölkəmizdə tədqiqat mühitinin inkişafına, innovasiya mədəniyyətinin formalaşmasına və gənc nəslin elmə marağının artırılmasına mühüm təsir göstərmişdir. Bu gün Azərbaycan qadınları təkcə ənənəvi elm sahələrində deyil, həm də süni intellekt, informasiya-kommunikasiya texnologiyaları, biotexnologiya, rəqəmsal səhiyyə və digər yüksək texnologiyalar istiqamətlərində yaratdıqları innovativ həllər və ixtiralarla müxtəlif beynəlxalq elmi platformalarda uğurla çıxış edir, ölkəmizin elmi və innovasiya potensialının dünyada tanınmasına töhfə verirlər. Milli innovasiya sisteminin inkişafı, rəqəmsal iqtisadiyyatın genişlənməsi və elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması qadınların ixtiraçılıq fəaliyyətinə daha fəal cəlb olunması üçün yeni imkanlar yaradır.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi qadınların ixtiraçılıq və innovasiya fəaliyyətinin təşviqini daim diqqət mərkəzində saxlayır. Agentlik qadın ixtiraçıların yaradıcılıq potensialının dəstəklənməsi, onların ixtiralarının hüquqi mühafizəsinin təmin edilməsi, patentləşdirmə sahəsində maarifləndirilməsi, beynəlxalq ixtira sərgilərində və müsabiqələrində iştirakının təşviqi istiqamətində ardıcıl fəaliyyət göstərir. Eyni zamanda, qadınların patent sisteminə çıxış imkanlarının genişləndirilməsi, elmi-tədqiqat və texnoloji sahibkarlıq fəaliyyətinə marağının artırılması, onların uğurlarının ictimaiyyətə çatdırılması innovasiya ekosisteminin inkişafına mühüm töhfə verir. Bu baxımdan tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının professoru Kamilova Nigar Mirnağı qızınınKIWIE 2026 – Koreya Beynəlxalq Qadın İxtiraları Sərgisində (Korea International Women's Invention Exposition)əldə etdiyi uğur xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, N. Kamilova 16–18 iyul 2026-cı il tarixlərində Koreyanın Seul şəhərində keçirilmiş KIWIE 2026 sərgisində təqdim etdiyi üç ixtirasına görə beynəlxalq mükafatlara layiq görülmüşdür. Onun “Hamiləliyin proqnostik monitorinqi üçün intellektual sistem”(Intelligent System for Predictive Pregnancy Monitoring) adlı ixtirası qızıl medal, “Vaxtından əvvəl doğuş riskinin inteqral molekulyar-klinik stratifikasiyası üsulu”(Method for Integrated Molecular and Clinical Risk Stratification of Preterm Birth) adlı ixtirası gümüş medal, “Kiçik çanaq orqanlarının dəstəklənməsi üçün adaptiv fəza pessarisi”(Vaginal Speculum) adlı ixtirası isə bürünc medal ilə təltif edilmişdir.
Professor Nigar Kamilovanın əldə etdiyi bu beynəlxalq uğur Azərbaycan elminin və ixtiraçılıq potensialının yüksək səviyyədə qiymətləndirilməsinin növbəti təsdiqidir. Bu nailiyyət qadınların elm, innovasiya və əqli mülkiyyət sahəsində artan rolunu nümayiş etdirməklə yanaşı, gənc tədqiqatçılar və gələcək qadın ixtiraçılar üçün də ilhamverici nümunədir.
Əqli Mülkiyyət Agentliyi professor Kamilova Nigar Mirnağı qızını beynəlxalq uğuru münasibətilə təbrik edir, ona gələcək elmi və ixtiraçılıq fəaliyyətində yeni nailiyyətlər arzulayır.



















