Bakı Slavyan Universitetində əqli mülkiyyət sahəsində maarifləndirici təlim keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün keçirdiyi “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” əsasında “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunan “Əqli mülkiyyət hüququ sahiblərinin məlumatlandırılması” layihəsi çərçivəsində və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkilati-metodiki dəstəyilə Bakı Slavyan Universitetində (BSU) “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı?” mövzusunda maarifləndirici təlim keçirilib.
Tədbirin əvvəlində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla anılıb. BSU-nun rektorunun müşaviri Sadir Məmmədov əqli mülkiyyət hüququnun qorunmasına həsr olunmuş layihənin əhəmiyyətini qeyd edərək, təşkilatçılara bu sahədə gördükləri işə görə təşəkkürünü bildirib.
Hüquqi Tədqiqatlar Mərkəzinin rəhbəri Bəxşeyiş Əsgərov qeyd edib ki, insan hüquqlarının vacib sahəsi olan əqli mülkiyyət hüququnu və yaradıcılıq azadlığını təmin etmək üçün ölkəmizdə çoxsaylı normativ-hüquqi aktlar qəbul olunmuş, Azərbaycan Respublikası əqli mülkiyyətlə bağlı beynəlxalq konvensiyalara qoşulmuş, Əqli Mülkiyyət Agentliyi yaradılmışdır və o, intensiv, səmərəli fəaliyyət göstərir.
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin şöbə müdiri Vüsal Quliyev Ümumdünya Əqli Mülkiyyət Təşkilatının, Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti, müəlliflərə yaradılan şərait haqqında ətraflı məlumat verib, ictimai təşkilatların bu sahədə maarifləndirmə işinə cəlb edilməsini təqdir edib.
Layihənin ekspertləri hüquqşünas Aydın Kərimov və əqli mülkiyyət hüququ üzrə tanınmış mütəxəssis Natiq İsayev patentlər və əmtəə nişanları, müəllif müqavilələrinin tərtib edilməsi, qonorar, eləcə də plagiat halları ilə mübarizə yolları və digər məsələləri ətraflı izah ediblər.
Təlimin gedişində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun rəhbərliyi və müəllifliyi ilə hazırlanan çoxsaylı kitablar barədə məlumat verilib, onlardan bəziləri nümayiş etdirilib.
Sonda iştirakçılar bu mövzuda təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, belə tədbirlərin davamlı şəkildə keçirilməsini vacib sayıblar.




















