Bu gün Avrasiya Patent Konvensiyasının imzalandığı gündür
1994-cü il 9 sentyabr tarixində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Avrasiya Patent Konvensiyası (ATK) imzalanıb və bununla da Avrasiya Patent Təşkilatı (APT) təsis edilmişdir
APT Avrasiya patentlərinin verilməsinə dair inzibati vəzifələrin yerinə yetirilməsi məqsədilə təsis olunmuş beynəlxalq təşkilatdır.
APT-nın yaradılması Avrasiyada ümumi patent məkanının qorunmasına, ölkələr arasında elmi, texnoloji və iqtisadi tərəfdaşlığın və innovativ əməkdaşlığın əsasını saxlamağa və inkişaf etdirməyə imkan verdi.
Qeyd edək ki, hazırda təşkilata 8 dövlət daxildir: Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya Federasiyası, Tacikistan və Türkmənistan. Azərbaycan Respublikası APK-nı 1994-cü il 9 sentyabr tarixində imzalamış, 1995-ci ildə sənədin ratifikasiya edilməsi ilə təşkilatın tam hüquqlu üzvü olmuşdur.
APT-nın idarəedici orqanları İnzibati Şura və Avrasiya Patent İdarəsidir. Təşkilatın mənzil-qərargahı Moskva şəhərində yerləşir. 2018-ci ildən ölkəmizin nümayəndəsi Avrasiya Patent İdarəsinin vitse-prezidenti vəzifəsindədir.
Ölkəmiz APT ilə geniş əməkdaşlıq edir və onun işində aktiv fəaliyyət göstərir. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycan Respublikasının APT-nın İnzibati Şurasında səlahiyyətli nümayəndəsidir. O, təşkilatın keçirdiyi tədbirlərdə fəal iştirak edir.
K.İmanov 2019-cu il sentyabrin 9-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un imzalanmasına həsr olunan Diplomatik konfransda iştirak etmişdir. Protokolu Azərbaycan Respublikası Hökuməti adından K. İmanov imzalamışdır. 2020-ci il 5 may tarixində “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasının Sənaye nümunələrinin mühafizəsinə dair” Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Protokol 2021-ci il 17 mart tarixində qüvvəyə minmişdir
Bununla yanaşı, K.İmanov 2019-cu ilin 23-24 aprel tarixlərində Moskva şəhərində Beynəlxalq Əqli Mülkiyyət gününə həsr olunmuş “Rəqəmsal transformasiya: IP diqqət mərkəzində” mövzusunda II beynəlxalq konfransda və 2022-ci ilin 29 iyun – 1 iyul tarixlərində hibrid formatda keçirilən "Onuncu Peterburq Beynəlxalq Hüquq Forumu"nda geniş məruzələrlə çıxış etmişdir.
Son illər APT-nın təşkilatçılığı ilə keçirilən “Gələcəyə baxış” Avrasiya Patent Universiadası gənclərin yaradıcılıq sahəsində nailiyyətlərinin nümayişi üçün platformaya çevrilmişdir. Əqli Mülkiyyət Agentliyinin və Təhsil Nazirliyinin (indi Elm və Təhsil Nazirliyi) təşəbbüsü ilə ölkəmizin nümayəndələri dəfələrlə bu bilik yarışmasında iştirak ediblər və qaliblər sırasında olublar.
2019-cu ildə “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının nəticələrinə əsasən, birinci yaş kateqoriyası (10 yaşdan - 17 yaş daxil olmaqla) üzrə Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Cəmilə Əlizadə və Ələsgər Tarverdiyev qalib elan edilib. Onların birgə hazırladıqları “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” layihəsi münsiflər heyəti tərəfindən ən yüksək yerə layiq görülüb. Bundan əlavə, birinci yaş kateqoriyası üzrə Bakı şəhəri 7 nömrəli tam orta məktəbin şagirdi Fidan Həsənzadənin “Dizel yanacağının qələvi təmizlənməsinin tullantılarından naften turşularını ayırmaq üçün üsul”, Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin şagirdləri Taleh Əliyev və Zərifə Əhmədzadənin “Neft hasilatının yeni əmsalının sintezi”, Ləman Əliyeva və Filipp Bakaldinin “Pilotsuz hava aparatları üçün paraşüt”, Həmid Səlimov, Aybəniz Əhmədova və Timur Kaləyevin “Piezoelektrik anti-buzlanma sistemi” mövzusunda layihələri, eləcə də ikinci yaş kateqoriyası (18 yaşdan - 25 yaş daxil olmaqla) üzrə isə Sumqayıt Dövlət Universitetinin tələbələri Seymur Talıbov və Tayfun Hacıyevin “CAD/CAM əsasında köhnə model avtomobillərinin yenidən qurulması üçün çevik istehsal modulu” mövzusunda layihə də Universiadanın mükafatçıları sırasında olmuşdular.
2021-ci ildə Avrasiya Patent Təşkilatının 25 illiyinə həsr olunmuş “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibləri arasında Azərbaycan nümayəndələri də yer alıblar. Seymur Talıbov və Qüdrət Ağazadənin "Tibbi müəssisələrdə koronavirus COVID-19-un aşkarlanması və avtomatik aradan qaldırılması üçün mobil robot" layihəsi “Virusdan qorunma - düşmən keçməz! Həkimlərin və xəstələrin infeksiyadan fərdi qorunma sistemləri” mövzusu üzrə 2-ci, Zərifə Əhmədzadə və Elvin Əhmədzadənin “Elektronika üçün epitaksial CdFeTe plyonkaları” layihəsi ”Biz N.Teslanın nəslindənik. Bütün təbiət qanunları bizim əlimizdədir” mövzusu üzrə 3-cü yerə layiq görülmüşdülər.
2022-ci ildə keçirilən “Gələcəyə baxış” Avrasiya Patent Universiadasında isə ölkəmizin nümayəndəsi Nüsrəddin Ömərovun “Arıları gənələrdən təmizləmək üçün ANTİVARROA qurğusu” layihəsi müsabiqədə mükafata və medala layiq görülmüşdür.