Azərbaycanda Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi yaradılır
2021-ci il 6 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”nin yaradılması haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Əqli Mülkiyyət Agentliyinin tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi”ni on beş gün müddətində yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Müəyyən edilib ki, bu Mərkəz elm və sənaye arasında bağlantı, qarşılıqlı sifariş və təklif münasibətlərinin yaradılmasını, ixtiraçılıq fəaliyyətinin keyfiyyətcə artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transferini və əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılmasını həyata keçirən, innovativ inkişafın, o cümlədən startap layihələrin dəstəklənməsinə xidmət edən, elmi tədqiqatların nəticələrinin kommersiya və qeyri-kommersiya məqsədilə istifadəsi üçün transferinə, həmçinin bu nəticələrdən gəlir əldə etməyə yönəldilən, müştərilərə texnologiyaların və layihələrin hədəf bazarlarına çıxarılması xidmətlərinin göstərilməsində, bu sahədə fəaliyyətin əlaqələndirilməsində iştirak edən publik hüquqi şəxsdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsinin 3.1.45-ci bəndi ilə ixtiraçılıq fəaliyyətinin keyfiyyətinin artması və tətbiqi xarakter daşıması üçün texnologiyaların transfer və innovasiyalara dəstək mərkəzlərinin, əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması infrastrukturunun yaradılması ilə bağlı təkliflər vermək və formalaşdırılmasında iştirak etmək Agentliyə tapşırılmışdır.
Yuxarıda qeyd olunan vəzifələrin icrasının təmin olunması, o cümlədən biznes məkanında elmi bilikləri genişləndirmək, elm və sənayenin inteqrasiyasını təmin etmək, həmçinin ölkədə innovasiya infrastrukturunun yeni elementlərini inkişaf etdirmək və bununla da ölkədə innovasiyalı iqtisadiyyatın formalaşdırmasına əhəmiyyətli təkan vermək məqsədilə Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin yaradılması çox önəmli bir addımdır.
Yeni yaradılacaq mərkəzin əsas vəzifələrinə əqli mülkiyyət obyektlərinin innovasiya potensialının qiymətləndirilməsi və onların kommersiyalaşdırılması yollarının seçimində yardım, innovasiya layihələri və elm tutumlu texnologiyalar üzrə məlumat bazasının yaradılması, əqli mülkiyyət obyektlərinin mənimsənilməsi və kommersiyalaşdırılması məqsədi ilə onların hüquqlarının əldə edilməsi və transferi (ötürülməsi), ölkəmizdə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrində aparılan elmi-tədqiqat işlərinin nəticələrinin və innovasiya fəaliyyətinin monitorinqi, kiçik innovasiya müəssisələrinin (startapların) yaradılmasında, inkişafında və maliyyələşdirilməsində məsləhətçi dəstəyin göstərilməsi, əqli mülkiyyət obyektlərinin istifadəsində bazarın tələbatlarının öyrənilməsi, innovasiya texnologiyaların transferi, mənimsənilməsi, kommersiyalaşdırılması sahəsində beynəlxalq əməkdaşlığın qurulması və s. daxil olacaq.
Son illər Əqli Mülkiyyət Agentliyi tərəfindən universitetlərdə, elmi-tədqiqat institutlarında və KOS subyektlərində əqli mülkiyyət ofislərin yaradılması və mövcud ofislərin texnologiyaların kommersiyalaşması və transferi mərkəzlərinə çevrilməsi üzrə müvafiq tədbirlər görülmüşdür. Bu istiqamətlərdə aparılan işlərə dəstək verilməsi məqsədilə Agentliyin təşkilatçılığı ilə bir sıra tədbirlər təşkil edilmiş, Agentliyin nümayəndələri ənənəvi, onlayn və hibrid formatda milli və beynəlxalq seminar və konfransda iştirak etmişlər.
Bununla yanaşı, əqli fəaliyyətin nəticəsi olan yeni texnologiyaların kommersiyalaşması, bu sahədə mərkəzlərin yaradılması, innovasiyalı fəaliyyətin təşviq edilməsi üzrə fəaliyyətlərə geniş yer verilmiş, eyni zamanda bu sahədə biliklərin artırılması məqsədilə müxtəlif tədbirlərdə “Azərbaycanın texnoloji profili və dünyanın qabaqcıl texnoloji sahələri (patent analitikası)”, “Что нужно, чтобы инновации рождались, внедрялись и приносили доход? (экспертные оценки и материалы социологических исследований МСП)” (rus dilndə), “Əqli mülkiyyət və elmi-tədqiqat işlərinin kommersiyalaşması”, “Əqli mülkiyyət müasir mərhələdə (hüquqların qorunması və təminatı)”, “Azərbaycanda ixtiraçılıq və patent analitikası” və “Azərbaycanda sənaye nümunələrinin, coğrafi göstəricilərin və əmtəə nişanlarının analitik icmalı” (Azərbaycan və rus dillərində) mövzularında təqdimatlar edilmiş, onların əsasında kitabçalar çap edilmiş, həmçinin innovativ inkişaf, texnologiyaların kommersiyalaşması və transferi, bu sahədə mərkəzlərin yaradılması ilə bağlı bir sıra kitablar nəşr edilərək maraqlı şəxslərə paylanmışdır.