Çağrı Mərkəzi: 960
Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Əbədi melodiyalar və müəlliflik hüququ: Üzeyir Hacıbəyli irsinə hüquqi baxış” mövzusunda tədbir keçirilib

Dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Əbədi melodiyalar və müəlliflik hüququ: Üzeyir Hacıbəyli irsinə hüquqi baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 25-də dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının təşkilatçılığı ilə bəstəkarın Ev Muzeyində “Ədəbi melodiyalar və müəlliflik hüququ: Üzeyir Hacıbəyli irsinə hüquqi baxış” mövzusunda tədbir keçirilib.

Tədbir Muzeyin ekspozisiyası ilə tanışlıqdan başladı. Sonra tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Mübariz Məmmədli professional musiqi məktəbinin banisi, görkəmli bəstəkar, dirijor, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisinin sütunu, milli bəstəkarlıq məktəbinin banisi və musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətləri olan dahi sənətkardır. Onun yaradıcılığı həm milli musiqi tarixində dönüş nöqtəsi, həm də xalqın bədii-estetik dünya görüşünün yeni mərhələsidir. Üzeyir bəyin yaradıcılığının muğamla Qərb klassikasının harmonik vəhdətini yaratdığını vurğulayan Mübariz Məmmədli dedi ki, dahi bəstəkar xalq musiqisinin melodik zənginliyini elmi əsaslarla öyrənib və yeni məktəb formalaşdırıb. Üzeyir Hacıbəyli musiqi təhsilinin təşkilində, konservatoriyanın yaradılmasında və musiqi terminlərinin sistemləşdirilməsində mühüm rol oynayıb.

Tədbirdə Müzeyin elmi katibi Nərgiz Qədirova “Üzeyir ömrü”- Üzeyir Hacıbəylinin Ev Muzeyinin fəaliyyəti mövzusunda, Əqli Mülkiyyət Agentliyinin Müəllif - hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli: Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının ermənilər tərəfindən mənimsənilməsi cəhdləri barədə, RETK-nın direktor müavini Sevda Rəsulova: “Ordan-burdan” və ya Üzeyir bəy fenomeninin görünməyən tərəfləri” mövzusunda çıxış etdilər.

Avstriyada Azərbaycan Səfirliyinin nəzdində Mədəniyyət Mərkəzinin icraçı direktoru Elgün Niftalı və Avstriyalı jurnalistlər tədbirdə iştirak etmişdir.

Tədbirin bədii hissəsində Ü.Hacıbəylinin müxtəlif əsərləri səsləndirildi.

Sonda tədbir iştirakçılarına Sertifikatlar təqdim edilmiş və xatirə şəkilləri çəkdirilmişdir.

Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiSənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×