Dövlət Statistika Komitəsi kitabların və məcmuələrin nüsxələrinə yapışdırılması üçün 212 min 784 nəzarət markası sifariş verib

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə Əqli Mülkiyyət Agentliyi tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 191 nömrəli qərarı ilə “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları” təsdiq edilib.
Nəzarət markasının tətbiqinin əsas məqsədi piratçılığa qarşı mübarizədir. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinə nəzarət markasının yapışdırılması məqsədilə Əqli Mülkiyyət Agentliyinə müraciət edən dövlət orqanlarından (qurumlarından) biri Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsidir.
2022-2026-cı illər ərzində Dövlət Statistika Komitəsi tərəfindən 335 adda statistik məcmuənin və kitabın nüsxələrinə yapışdırılması üçün Əqli Mülkiyyət Agentliyinə 212 min 784 nəzarət markası sifariş verilib. Bununla da Dövlət Statistika Komitəsinə məxsus statistik məcmuələrin, kitabların və digər nəşrlərin pirat nüsxələrinin hazırlanmasının və yayılmasının qarşısı alınır. Digər qurumların da bu təcrübədən istifadə etməsi nəşrlərin qanuni nüsxələrinin pirat yolla hazırlanmasının və yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilər.
Qeyd edək ki, nəzarət markası olmayan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinin yayılmasına yol verilmir.



















