Keçən il sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üzrə müraciətlərdə artım olub
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin 2022-ci ilin yekunları üzrə görülmüş işlər barədə hesabatı dinlənilib.
Tədbiri giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Agentliyin fəaliyyətinin müəyyən istiqamətlərinin təmamilə müasirləşdiyini qeyd edərək Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində qeyd olunan “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” və “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” milli prioritetlərinin reallaşdırılmasında Agentliyin roluna toxunub. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında 10 bənd məhz “Əqli Mülkiyyət Agentliyinə aiddir və onların üçündə Agentlik əsas icraçıdır.
K.İmanov Əqli Mülkiyyət Agentliyinin müasir şəraitdə yalnız ekspertiza aparan, müəllif hüquqlarını qoruyan və qorunma sənədləri verən dövlət xidmətlərini göstərən qurum deyil, bazara müsbət təsir edən, öz üzərində iqtisadi yükləməni aparan, əqli mülkiyyət sahəsində sosioloji incəlikləri araşdıran dövlət strukturuna çevrilldiyini bildirib.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin Müşahidə Şurasının sədri Sənan Tapdıqov sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üzrə hazırlanan hüquqi sənədlərin keyfiyyətinin artığını bildirib. Qeyd edilib ki, daxil olan müraciətlərin sayının artması isə vətəndaş məmnunluğunun, iddiaçıların Agentliyin fəaliyyətinə inamının artmasının göstəricisidir.
İclasda 2022-ci il ərzində sənaye mülkiyyəti obyektləri üzrə müraciətlərin dinamikası haqqında ətraflı məlumat verilib. Bildirilib ki, milli və beynəlxalq əmtəə nişanları, coğrafi göstəricilər, ixtiralar, faydalı modellər, sənaye nümunələri üzrə müraciətlərdə keçən il artım müşahidə olunub. Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası Elmi-Tədqiqat İnstitutu və Neft-Kimya Prosesləri Elmi-Tədqiqat İnstitutu, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universisteti ixtiralarla bağlı ən çox müraciət edən hüquqi şəxslər olublar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Mərkəzin hesabatı müsbət dəyərləndirilib.