UNESCO-nun Baş direktoru Odre Azulenin Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə müraciəti
Kitab dünyanın mövcud olan ən unikal obyektlərindən biridir və bu Gün ona həsr olunub.
Kitab, hansı daşıyıcıda olursa-olsun, maarifləndirmə və məlumatlandırmanın əvəzsiz vasitəsidir: biz oxumağı kitablardan öyrənirik və onların sayəsində yeniliklər barədə öyrənməyə, zövqlə vaxt keçirməyə və dünyanı kəşf etməyə davam edirik.
Bununla belə, kitab həm də yeni dünyalarla və insanlarla tanış olmaq imkanı yaradır, əks halda onları tanımaq çətin olacaq, başa düşmək isə daha çətin olacaqdır. Kitablar məkan və zaman pəncərələrini açmaqla bizə qeyri-adi bir fərqliliklə təmasda olmaq imkanı verir və insanlar və mədəniyyət arasında hörmət və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verir. Kitablar vasitəsilə biz başqaları və özümüz haqqında öyrənirik.
Bununla belə, kitabların tam potensialının açılması üçün onlar dünyamızın müstəsna dil müxtəlifliyini əks etdirməlidirlər, çünki hər bir dil dünya, əşyalar, varlıqlar, düşüncə və hiss tərzləri haqqında xüsusi bir təsəvvür yaradır. Böyük Keniya yazıçısı Nqugi va Thionqo, kikuyu dilində yazmaq qərarını belə izah etdi: “Dil seçimi və ondan istifadə məqsədi xalqın təbii və sosial mühitə, hətta bütövlükdə kainata münasibətdə öz müqəddəratını təyin etməsində əsas rol oynayır”.
Bu baxımdan mədəniyyətlərin həm bütövlüyünü, həm müxtəlifliyini, həm də ifadə formalarını qorumaq üçün keçən il Birləşmiş Millətlər Təşkilatı Yerli Dillərin Beynəlxalq Onilliyini (2022-2032) elan etdi. UNESCO-nun rəhbərlik etdiyi Onilliyin məqsədi yerli xalqların hüquq və mədəniyyətlərinin qorunmasına töhfə verəcək yüksək təhlükə altında olan bu dilləri təbliğ etməkdir.
Bu prioritet məsələ xüsusilə UNESCO-nun Ümumdünya Kitab Paytaxtlarının heyrətamiz işində öz əksini tapmışdır. Məsələn, keçən il Qvadalaxarada dil müxtəlifliyi üzrə təlim seminarları keçirilib, Bu gün 2023-cü ilin Ümumdünya Kitab Paytaxtı olan Qananın paytaxtı Akkrada isə bu məsələ Qa dilində oxumağı və yazmağı təşviq edəcək mədəniyyət mərkəzinin yaradılmasında öz əksini tapıb.
Bundan əlavə, rəqəmsal texnologiyalarla əlaqəli unifikasiya təhlükəsi fonunda bu gün xüsusilə vacib olan ədəbi əsərlərin əlçatanlığını və onların dil müxtəlifliyini qorumağa çalışırıq.
Məhz buna görə, biz bütün xalqların və bütün dillərdə olan əsərlərin internetdə yayılmasını təşviq etməli, eləcə də müəlliflər başda olmaqla, kitab sənayesi fəaliyyəti ilə məşğul olanların ədalətli mükafatlandırılmasını təmin etməliyik.
Meksikada keçirilən MONDIACULT 2022 konfransında UNESCO-nun Üzv Dövlətləri tərəfindən tələb olunduğu kimi, ədəbiyyatı və ümumilikdə mədəniyyəti əsl “qlobal ictimai rifah” etmək üçün belə bir öhdəlik lazımdır.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günündə UNESCO bütün tərəfdaşları ilə birlikdə mütaliə və mədəniyyəti təkcə şöhrətləndirməyi deyil, həm də onlara dəstək olmağı öz üzərimizə götürməyi təklif edir.