UNESCO-nun Baş Direktoru Odri Azulenin Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə müraciəti

Kitabı açanda biz başqa bir dünyaya pəncərə açırıq – o dünyaya ki orada müxtəliflik hökm sürür və hər şey mümkündür, sərhədlər yalnız insan təxəyyülü ilə müəyyən edilir.
2025-ci il Ümumdünya Kitab və Müəlliflik Hüququ Günündə UNESCO təxəyyülümüzü gücləndirmək və cəmiyyətimizin inkişafını müəyyən etmək üçün kitabların imkanlarını xatırlatmaq istəyir. Bu Günün 30-cu ildönümü bizə savadlılığın və kitablara əlçatanlığın təşviqi sahəsində əldə edilmiş irəliləyişləri qiymətləndirməyə, eyni zamanda hələ də mövcud olan problemləri dərk etməyə imkan verir.
Son otuz ildə UNESCO özünün 53 Yaradıcı Ədəbiyyat Şəhəri və Dünya Kitab Paytaxtları şəbəkəsi vasitəsilə kitabları təbliğ etmək və mütaliə mədəniyyətini inkişaf etdirmək üçün yorulmadan çalışır. Bu il Dünya Kitab Paytaxtı elan edilmiş Braziliyanın Rio-de-Janeyro şəhərində kitab paradı çərçivəsində və şəhərin ən əlverişsiz bölgələrində yeni kitabxanalar açmaqla kitabların sosial dəyişikliyə necə təkan verə biləcəyini və davamlı iqtisadi faydalar yarada biləcəyini nümayiş etdirir.
Lakin kitablar öz potensialını tam ortaya qoya bilmələri üçün dünyamızın dil müxtəlifliyini əks etdirməlidirlər. Bir çox icma hələ də öz ana dillərində yetəri resursa malik deyillər ki, bu da savadlılığa, təhsilə və mədəniyyətin nəsildən-nəslə ötürülməsi prosesinə mane olur. Məhz buna görə də 2023-cü ildən UNESCO Viktor Santos və Anna Forlatinin “Bizi İnsan edən nədir” adlı illüstrasiyalı kitabını müxtəlif dillərdə gənc oxucuların ixtiyarına vermək üçün çalışır. Dil və mədəni müxtəlifliyin niyə insanlığın zənginliyi olduğunu izah edən bu kitab bu ilin fevral ayında Havay dilində nəşr edilərək 4000 tələbə arasında paylanmışdır.
Yeni texnologiyalar kitablara və nəşriyyat infrastrukturuna çıxışı genişləndirmək potensialına malik olsa da, rəqəmsal uçurum qlobal yaradıcı iqtisadiyyatda bərabərsizlikləri dərinləşdirməyə davam edir. Bu baxımdan UNESCO özünün Beynəlxalq Mədəni Müxtəliflik Fondu vasitəsilə kitab sektorunun dəstəklənməsi və müəllif hüquqlarının qorunması üçün ondan artıq layihənin həyata keçirilməsini dəstəkləmişdir. Bunlara həmçinin Braziliyanın rəqəmsal nəşriyyat sektorunda yerli müəllifləri dəstəkləmək və Efiopiyada əqli mülkiyyət hüquqlarını gücləndirmək təşəbbüsləri də daxildir.
Nəhayət, UNESCO kitab və nəşriyyat sənayesinin davamlı inkişafın əsas hərəkətverici qüvvəsi olduğunu qəbul edərək hazırda sektorun Afrikada genişlənməsinin xəritəsini tərtib edir. Bu il açıqlanacaq yekun hesabatda sektorun iqtisadi və sosial tərəqqiyə töhfəsini artırmaq məqsədi ilə 54 Afrika Üzv dövlətlərində nəşr tendensiyaları, problemləri və inkişaf imkanları təhlil olunacaq.
Dünya kitablar olmadan inkişaf edə bilməz. Sətir-sətir, səhifə-səhifə, onlar düşüncələrimizi qidalandırır, yeni imkanları kəşf etməyə kömək edir və bəşəriyyətin üzləşdiyi mürəkkəb problemləri həll etmək üçün lazım olan yaradıcılığı inkişaf etdirir.
Nigeriyalı yazıçı Ben Okrinin dediyi kimi, bu "ekzistensial yaradıcılıq" insanlara öz həyatlarını "cəmiyyətin tam həqiqi dərk edilməsinə" həsr etməyə imkan verir. Bu dəfə də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günündə biz bütün dünyada oxuculara və yazıçılara yenidən öz dəstəyimizi bildiririk, çünki bu gün biz yaradıcılıq potensialının aşkarlanmasına hər zaman olduğundan daha çox ehtiyac duyuruq.
23 aprel 2025-ci il