Müəllif hüquqları qorunur

Müəllifləri və hüquq sahiblərini maraqlandıran məsələlərə dair, o cümlədən pozulmuş müəlliflik hüquqlarının bərpası, piratçılıq və plagiat faktları, habelə əsərlərin dövlət qeydiyyatından keçirilməsi ilə bağlı müraciətləri cavablandırmaq üçün Agentlikdə “960 Çağrı Mərkəzi” və ictimai əsaslarla “Hüquq məsləhətxanası” fəaliyyət göstərir. Çağrı Mərkəzinə, “Hüquq məsləhətxanası”na, Agentliyin elektron poçtuna və sosial şəbəkə hesablarına daxil olan hər bir müraciətlə bağlı ətraflı araşdırma aparılır, bununla bağlı qanunvericiliyin tələbləri və müraciətdə qeyd edilən məsələnin həlli yolları izah edilir, müəlliflərin, digər hüquq sahiblərinin, ictimai birliklərin nümayəndələrinin və müəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin müraciət və sorğuları operativ şəkildə cavablandırılır və Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməklik göstərilir.
İxtira, faydalı model və sənaye nümunələrinin patentləşdirilməsi və əmtəə nişanı və coğrafi göstəricilərin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulu prosesini daha da asanlaşdıraraq, Əqli Mülkiyyət Agentliyində Patent və Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH) sistemi yaradılıb. Bununla əlaqədar 2022-ci il 2 iyun tarixindən etibarən sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı üzrə iddia sənədlərinin qəbulu təkcə kağız daşıyıcıda deyil, onlayn sistem vasitəsilə də elektron formada həyata keçirilir.
“Açıq reyestrlər” Əqli Mülkiyyət Agentliyində yaradılan PƏNAH rəqəmli informasiya sistemindən sonra şəffaflığa və əlçatanlığa doğru atılan növbəti addımdır. Hər kəs “Açıq reyestr” vasitəsi ilə qeydiyyata alınmış ixtiralar, faydalı modellər və sənaye nümunələri barədə məlumat axtarışı apara, patentlərin statusunu öyrənə, patent müəllifləri və sahibləri haqqında və digər zəruri məlumatları əldə edə bilir. “Açıq reyestr”ə daxil olmaq üçün Əqli Mülkiyyət Agentliyinin rəsmi elektron səhifəsinə https://copat.gov.az/ müraciət etmək lazımdır. İxtiraların və faydalı modellərin referatlarının və düsturlarının mətnləri ilə isə https://patent.copat.gov.az/publish-Inventions-utility-models-and-industrial-examples elektron səhifəsində tanış olmaq mümkündür.
Müəllif (hüquq sahibi) pozulmuş hüquqlarının bərpasına köməklik edilməsi ilə bağlı Əqli Mülkiyyət Agentliyinə yazılı müraciət edə bilər. Bundan sonra müəllifdən (hüquq sahibindən) əsərin və plagiat olması iddia edilən əsərin nüsxələrinin təqdim olunması istənilir, Agentlikdə onların müqayisəli ekspertizası keçirilir və nəticə etibarı ilə plagiat elementlərinin aşkar olub-olmaması barədə rəy hazırlanaraq,hüquq sahibinə təqdim edilir.
Eyni zamanda plagiata yol verən tərəf Agentliyə dəvət edilir, hüquq sahibinin müraciəti barədə məlumatlandırılır, ona müəllif-hüquq qanunvericiliyinin tələbləri izah olunur. Məsələyə hüquq sahibi tərəfinin iddiası əsasında mülki qanunvericiliyə uyğun məhkəmə qaydasında baxıldıqda Agentliyin nümayəndəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə işinə cəlb olunaraq, hüquqları pozulmuş müəllif və hüquq sahibinin qanuni maraqlarını müdafiə edirlər. Agentlik tərəfindən yaradılan bu unikal sistem müəllif hüquqlarının qorunması ilə pozulmuş hüquqların bərpası arasında bir körpü, vasitə kimi çıxış edir.
Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə, zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması, zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi, hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması, pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi barədə qərar qəbul edə bilər.
Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır.
Pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı cari ilin 5 ay ərzində hüquqi və fiziki şəxslər tərəfindən Agentliyə 9 müraciət daxil olmuşdur. Müraciətlərlə bağlı Agentlik tərəfindən müəllif-hüquq qanunvericiliyinə əsasən müvafiq araşdırmalar aparılmış, təqdim edilən sənəd və materiallar təhlil edilmiş, müqayisə aparılmış və zəruri hallarda digər aidiyyatı qurumlara sorğular göndərilmişdir. Agentlik bu istiqamətdə öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri həyata keçirib.
İstənilən fiziki və ya hüquqi şəxsin əsərin dövlət qeydiyyatına alınması üçün e-gov.az Elektron Hökümət portalı vasitəsi ilə qeydiyyatdan keçirə bilərlər.
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra Qanun) 5-ci maddəsinə əsasən müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Yəni, qeydiyyata alınıb-alınmamasından aslı olmayaraq Qanunun 14 və 15-ci maddələrində nəzərdə tutulmuş müəllfin şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları qanunla mühafizə olunur.
Bununla yanaşı Agentlikdə dövlət qeydiyyatdan keçirilmiş əsərin hüquq sahibinə nümunəsi Nazirlər Kabinetinin 38 nömrəli Qərarı ilə təsdiq edilmiş şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.
Qeyd edək ki, əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2024-ci ilədək Agentlikdə ümumilikdə 16000-dən çox əsər və əlaqəli hüquqlarının obyektləri qeydiyyatdan keçirilmişdir. Cari ilin ötən dövründə müəlliflik hüququ obyektlərinin dövlət qeydiyyatı üzrə 285 müəllifə (hüquq sahibinə) və hüquqi şəxsə məxsus 384 əsər Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib. Onlardan elektron qaydada 254 müəllifin 331 əsəri qeydiyyatdan keçirilmişdir.
Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, kütləvi informasiya vasitələrində yayılır, Agentliyin nümayəndələrinin iştirak etdiyi yerli və beynəlxalq tədbirlərdə ətraflı məlumatlar verilir.
#İnsanHüquqlarıAylığı
#HumanRightsMonth