Patent müvəkkilliyinə namizədlər üçün test imtahanı keçiriləcək

12 aprel tarixində patent müvəkkili statusu almaq istəyən namizədlər üçün attestasiyanın birinci mərhələsi üzrə test imtahanı Dövlət İmtahanı Mərkəzi tərəfindən keçiriləcək. İmtahan saat 11:00-da başlayacaq.
İmtahanda iştirak etmək üçün namizədlər buraxılış vərəqəsini əvvəlcədən Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (https://exidmet.dim.gov.az/elimt/ImtBuraxilish/Login) əldə edə bilərlər. Buraxılış vərəqəsi və imtahanla bağlı digər zəruri məlumatlar, o cümlədən “Yaddaş Kitabçası”nın tam mətni Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdirilib.
Xatırladaq ki, patent müvəkkili statusu almaq istəyən şəxslərin attestasiyasının keçirilməsi üçün Əqli Mülkiyyət Agentliyinin Attestasiya Komissiyası tərəfindən fevralın 18-də sənəd qəbulu elan edilmişdir. Sənəd qəbulu martın 11-də başa çatmışdır. Patent müvəkkili olmaq üçün 40 nəfərin namizədliyi təsdiq olunub.
Onu da qeyd edək ki, patent müvəkkili olmaq üçün attestasiya test imtahanı və Attestasiya Komissiyası tərəfindən keçirilən müsahibədən ibarət olmaqla iki mərhələdə keçiriləcək.



















