Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Qadınlar və əqli mülkiyyət. İnnovasiya və yaradıcılıq” mövzusunda konfrans keçirilib
2023-cü il 26 aprel tarixində Əqli Mülkiyyət Agentliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Qadınlar və əqli mülkiyyət. İnnovasiya və yaradıcılıq” mövzusunda konfrans keçirilib.
Tədbirin əvvəlində media üçün brifinq keçirilib. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Beynəlxalq Əqli Mülkiyyət Gününün əhəmiyyəti və ölkəmizdə qeyd olunması tarixi haqqında danışıb, keçiriləcək konfransın aktuallığı barədə məlumat verib.
Sonra konfransı giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov 26 aprel Beynəlxalq Əqli Mülkiyyət Gününün 2001-ci ildən başlayaraq Azərbaycanda 22 ildir ki, qeyd edildiyini, keçirilən müxtəlif növ tədbirlərin əsas məqsədinin əqli mülkiyyət, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdən, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini qabarıq göstərməkdən ibarət olunduğunu bildirib.
O, tədbirin dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirildiyini qeyd edərək bugünkü reallıqların Ulu Öndərin qələbəsi, onun fikir və düşüncələrinin cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilməsi olduğunu diqqətə çatdırıb.
Əqli mülkiyyət (ƏM) anlayışı və onun dərk edilməsinin yeniləndiyini vurğulayan K.İmanov bu institutun fəaliyyət dövriyyəsinin ənənəvi kontekstdən fərqli olaraq, müasir zamanda yeni çağırışlarla rastlaşdığını, bunun səbəbinin isə ilk növbədə cəmiyyətimizin əhəmiyyətli texnoloji dəyişikliklərlə üz-üzə gəlməsi, ƏM landşaftına artan təsiri və həmin çağırışların ƏM-in evolyusiyasını anlamaq üçün vacib olduğunu bildirib.
Vurğulanıb ki, dövlət başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin yaradılması və bu modeli reallaşdıran publik hüquqi şəxs institutu öz töhfələrini verməkdədir. Dövlət-inzibati funksiyaları yerinə yetirən publik hüquqi şəxs eyni zamanda fəaliyyətlərindən əldə olunmuş vəsaitlər hesabına saxlanma və digər xərclərinin optimallaşdırılmış üsullarla idarə olunmasına malikdir.
K.İmanov əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələrin ölkənin innovasiya siyasəti ilə müəyyən edildiyini və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət etdiyini qeyd edərək son illər əqli mülkiyyət sahəsində aparılan məqsədyönlü işlərin ölkəmizin beynəlxalq reytinqlərdə mövqelərinin möhkəmlədirilməsində əhəmiyyətli rol oynadığını bildirib.
K.İmanov vurğulayıb ki, qadınlarımız istənilən millətin insan resurslarının çox əhəmiyyətli hissəsidir. Elm və texnologiyalar, innovasiyalar və kreativlikdə qadınlar istedad xəzinəsidir. Son illərdəki müşahidələr göstərir ki, gender asimmetriyasının azaldılması qadının rolunu ədalətli səviyyəyə qaldırmaqla yanaşı, iqtisadi inkişafa da səbəb olur. Bunlar gender bərabərliyinin iqtisadi əhəmiyyətidir. Lakin ƏM ilə bağlı siyasətdə təəssüflər olsun ki, qadınlar kişilərlə müqayisədə hələlik geridədirlər və bu fərq tezliklə aradan qaldırılmalıdır. Bu yalnız mənəvi borc deyil, bugünkü rəqəmli dünyanın inkişafının mütləq şərtidir.
Konfransda çıxış edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və başqaları tədbirin əhəmiyyətini vurğulayıblar, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Konfransda Kamran Imanovun “Qadınlar və əqli mülkiyyət. İnnovasiya və yaradıcılıq”, Əqli Mülkiyyət Agentliyinin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəylinin “Qadın və əqli mülkiyyət: qadın yazıçı, şair və bəstəkar”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayevanın “Qadın və əqli mülkiyyət: qadın yaradıcılığının inkişafında dövlətin və ailənin rolu”, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmovanın “Qadın və əqli mülkiyyət: qadın ixtiraçı”, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktorunun müavini Nərgiz Hacıyevanın “Qadın və əqli mülkiyyət: sahibkar qadının fəaliyyətində əmtəə nişanının rolu”, Elm və Təhsil Nazirliyinin Təhsil islahatlarının koordinasiyası sektorunun müdiri Leyla Xəlilovanın “Qadın və əqli mülkiyyət: qadın tədqiqatçılar” mövzusunda məruzələri dinlənilib.