ÜƏMT-nin Baş Direktoru cənab Daren Tanqın Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə Müraciəti
Yenilikçi qadınlar və müəlliflər bəşəriyyətin inkişafının gedişatını qədim zamanlardan müəyyən edirdilər. 3000 il bundan əvvəl qədim Mesopotamiyada kimyəvi düsturları gil üzərində həkk edən tarixin ilk kimyaçısı Tapputidən başlayaraq, alim qadınlar, mütəfəkkirlər, rəssamlar və ifaçılar dünyamızı daha yaxşı, daha parlaq edib və etməkdə davam edirlər və onun çiçəklənməsinə öz töhfələrini verirlər.
Bu il Beynəlxalq Əqli Mülkiyyət Günündə biz qadın ixtiraçıların, yaradıcıların və sahibkarların nailiyyətlərini qeyd edirik, onları bütün dünyada daha çox qadın və qızın öz ideyalarını həyata keçirərək əqli mülkiyyətdən istifadə etməsini təmin etmək üçün səy göstərməyə çağırırıq. Dünya əhalisinin yarıdan çoxunu qadınların təşkil etməsinə baxmayaraq, onlar patent müraciətlərinin yalnız 16%-ni verirlər. Üstəlik, elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində on iş yerindən yalnız üçü qadınların payina düşür.
Biz ÜƏMT-də bu vəziyyəti yaxşılığa doğru dəyişmək istəyirik. Biz bunu qadınlar, gənclər və kiçik və orta biznes müəssisələr üzərində mərkəzləşmiş daha inklüziv qlobal əqli mülkiyyət ekosisteminin yaradılmasında görürük. Məntiqimiz sadədir: dünya səhiyyə, iqtisadiyyat, ətraf mühit və s. sahələrdə bir sıra aktual problemlərlə üz-üzədir. Buna görə də innovativ və yaradıcı potensiallarını reallaşdırmaq üçün cəmiyyətin bütün üzvlərinə dəstək olmaq son dərəcə vacibdir.
İki il əvvəl mən ÜƏMT-nin Patent və Texnologiya Sektorunun ilk qadın rəhbəri Lisa Yorgensonu əqli mülkiyyət sistemində gender bərabərliyi məsələləri üzrə bizim əlaqələndiricimiz təyin etdim. Lisa və onun həmkarları Əqli Mülkiyyət sistemində bərabərsizliyin aradan qaldırılmasına həsr olunmuş Əqli Mülkiyyət və Gender Bərabərliyi sahəsi üzrə ÜƏMT-nin ilk Fəaliyyət Planını dərc etmişlər. Bu, əqli mülkiyyət sistemində və onun hüdudlarından kənarda konkret fəaliyyətin planıdır və biz daha çox qadına ƏM-in qorunması və kommersiyalaşdırılması vasitəsilə öz ideyalarına dəyər əlavə etməkdə köməklik üçün Əqli Mülkiyyət ofisləri ilə, eləcə də iqtisadiyyat üzrə tərəfdaşlarımızla, cəmiyyətlə və dövlətlərlə sıx əməkdaşlığa başlamağı səbirsizliklə gözləyirik.
Artıq indi ÜƏMT-nin qadın sahibkarlara, biznes sahiblərinə, sənətkarlara və digərlərinə dəstək üzrə fəaliyyəti Çili, Hindistan, İordaniya, Seneqal, Uqanda, habelə dünyanın bir çox başqa yerləri kimi müxtəlif ölkələrdə fayda verir. Bununla belə, aradan qaldırılmalı olan əhəmiyyətli boşluq və struktur maneələr qalmaqdadır. Bu vəzifənin əhatə dairəsi yalnız ƏM-ə ümumi əlçatanlığı təmin edən müəyyən fayda yönümlü tədbirlərin və layihələrin həyata keçirilməsində məqsədyönlü və qətiyyətlə hərəkət etmək üçün ümumi öhdəliyimizi gücləndirməlidir.
Buna görə də, mən Beynəlxalq Əqli Mülkiyyət Günündən dünyamızı dəyişə biləcək bütün dünyada qadın və qızların ixtiraçılıq potensialını açmaq yolu ilə innovasiya və yaradıcılıq tempini sürətləndirmək üzrə kollektiv səylərimizi ikiqat artırmaq fürsəti kimi istifadə etməyi təklif edirəm. Biz birlikdə vəziyyəti yaxşılığa doğru dəyişə bilərik.
Təşəkkür edirəm.