Əqli Mülkiyyət Agentliyi Qərbi Azərbaycan İcması ilə birgə erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edən konfrans keçirib

2025-ci il 22 aprel tarixində Əqli Mülkiyyət Agentliyi Qərbi Azərbaycan İcması ilə birgə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələri”mövzusunda konfrans keçirib.
Tədbirin əvvəlində media üçün brifinq təşkil olunub. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli media nümayəndələrinə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün əhəmiyyəti barədə məlumat verib, keçiriləcək konfransın aktuallığından danışıblar.
Konfransı giriş sözü ilə açan Kamran İmanov əqli mülkiyyətin sosial-iqtisadi rolunu vurğulayaraq, tədbirin məqsədinin kitablara və müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və hay-erməniçilik saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdən ibarət olduğunu bildirib. Vurğulanıb ki, aprelin sonu əqli mülkiyyət aləmində əlamətdar dövrdür – UNESCO-nun elan etdiyi 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür və ÜƏMT tərəfindən dünya üzrə qeyd edilən 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu əlamətdar günlərin təntənəli şəkildə qeyd olunmasında Azərbaycan artıq böyük təcrübəyə malikdir. Ölkəmizdə 1997-ci ildən başlayaraq,28 ildir ki, Kitab və Müəlliflik hüququ Günü və 2001-ci ildən başlayaraq, 24 ildir ki, Beynəlxalq Əqli Mülkiyyət Günü keçirilir.
K.İmanov onu da bildirib ki, Əqli Mülkiyyət Agentliyi aprel ayında üç beynəlxalq tədbirdə fəal iştirak edib: belə ki, aprelin 10-da Cenevrə şəhərində keçirilən ÜƏMT-nin Müəlliflik hüququ Daimi Komitəsində “Süni intellekt və əqli mülkiyyət” prezentasiyası ilə ölkəmizdə bu sahədə atılmış addımlarla beynəlxalq cəmiyyət tanış edilib. Aprelin 14-də Cenevrə şəhərində İnformasiya Kommunikasiya Texnologiyaları məsələləri üzrə ÜƏMT-nin Yüksək Səviyyəli Dialoqunda Azərbaycan nümayəndəsinin məruzəsi dinlənilib. Aprel ayının 21-də Moskva şəhərində ənənəvi təşkil edilən məşhur “Автор/Author – 2025” beynəlxalq konfransda əsas məruzəçilər qismində “Melodiya, harmoniya və ritmlərin başında duran yaradıcılıqdır” geniş prezentasiya-təqdimat edilib. Ən vacibi odur ki, 9 il ənənəyə çevrilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans böyük maraqla qarşılanır və ictimai rəydə öz yerini tutur.
İkinci ildir ki, həmin günlər tam suverenliyini bərpa edən qalib xalqın və müzəffər millətin nümayəndələri tərəfindən bütövlüyünü bərpa edən doğma Vətənimizin hər bir guşəsində qeyd edildiyini diqqətə çatdıran Əqli Mülkiyyət Agentliyinin rəhbəri dedi ki, “Həmin istək və arzumuza nail olmaqda biz azərbaycanlılar Prezident İlham Əliyevin müstəsna rolunda, titanik fəaliyyətində milli ənənəmizdən qaynaqlanan “ata vəsiyyətini yerinə yetirmək” təntənəsində görürük, ölkəmizin artan beynəlxalq nüfuzunda və söz sahibinə çevrilməsində, Azərbaycan ruhunun yüksəklərdə, başımızın ucalığında görürük, Azərbaycan xalqının cənab Prezidentə olan dərin ehtiram və sevgi duyğularında görürük”.
K.İmanov hazırda dövlətimizin qalib ölkə olmağına baxmayaraq, sülhə doğru, Armeniya ilə sülh sazişi bağlamağın təşəbbüskarı olduğunu vurğulayıb, Prezident İlham Əliyevin 2025-ci il 9 aprel tarixində ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda səsləndirdiyi fikirlərə istinad edib, dövlət başçısının fikirləri üzərində dayanaraq hay-ermənilərin səmimiyyətdən uzaq olduqları, ikiüzlü davranışı və fariseyçiliyi səbəbini məğlubiyyətlə barışmazlığı və revanşizm istək və arzularında gördüyünü diqqətə çatdırıb.
Qeyd olunub ki, mifologiyaya əsaslanan «böyük torpaqlar» stereotipi qonşularına qarşı ərazi iddiaları, müxtəlif növ mifologemlərdən irəli gələn «böyük erməni mədəniyyəti», «sivilizasiyanın ilk erməni ocağı» mədəni oğurluqları erməniçilik təfəkküründə «təbiilik» və «legitimlik» qazandırır. Odur ki, Azərbaycanın maddi və qeyri-maddi irsinin, mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi davam edir. Üstəlik, erməniçilik tərəfindən hazırlanan ermənilərin «müstəsnalığı», «əzabkeşliyi», «xüsusi missiyası» uydurmalarından irəli gələn stereotiplər müasir erməni identikliyini formalaşdırır, yaradılmış mifologemlər erməni siyasətçilərinin, xadimlərinin, alimlərinin, hətta kütlənin mövcud olan əxlaqına təsir göstərir.
Konfransın açılışında çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Əqli Mülkiyyət Agentliyinin çoxşaxəli fəaliyyətində erməni saxtakarlıqlarının ifşa edilməsinin mühüm yer tutduğunu qeyd edib. O, bu konfransın Qərbi Azərbaycan İcmasının Agentlik ilə keçirdiyi ikinci tədbir olduğunu bildirib. Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu belə tədbirlərin keçirilməsinin Qərbi Azərbaycan həqiqətlərinin də dünyaya çatdırılması baxımından əhəmiyyətli olduğunu deyib. UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Seymur Fətəliyev Azərbaycan xalqının mədəni irsinin yalnız maddi-mədəni abidələrlə məhdudlaşmadığını, həmçinin qeyri-maddi mədəni irsimizin özünəməxsus abidə və elementlərinin mövcud olduğunu vurğulayıb.
Sonra K.İmanov “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələri” mövzusunda geniş məruzə ilə çıxış edib.
Konfrans çərçəvəsində “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcması arasında Anlaşma Memorandumu” imzalanıb.
Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin “Qərbi Azərbaycanın erməniləşdirilməsi: tarixi və mərhələləri”, hüquq elmləri doktoru, professor Zahid Cəfərovun “Qərbi Azərbaycana qayıdışın siyasi müstəvidə və beynəlxalq hüquq normaları çərçivəsində əsaslandırılması”, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlunun “Qərbi Azərbaycana qayıdış: hüquqi-siyasi aspektləri və müasir çagırışlar”, Qərbi Azərbaycan İcmasının üzvü, böyük elmi işçi Səbuhi Hüseynovun “1604-1605-ci illər Səfəvi köçürmələri və “Böyük sürgün” mifinin ifşası: tarixi reallıqlar və erməni narrativinin ideoloji məqsədləri”, Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlilinin “Akkad mətnlərində keçən türkcə kəlmələr və türkcə toponimlər barədə” mövzusunda məruzələri dinlənilib.
Konfransda erməni uydurmalarının ifşası ilə bağlı qarşıda duran vəzifələrə dair müzakirələr keçirililib.
Tədbir zamanı Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası tərəfindən kitab sərgisi təşkil olunub. Sərgidə Azərbaycanın qədim və müasir memarlıq abidələri, dünya memarlıq tarixinə həs olunmuş kitablar, kitabxananın fondunda saxlanılan nadir kitab nüsxələri, o cümlədən Agentlik tərəfindən nəşr olunan erməni oğurluqlarını ifşa edən kitab və broşurlər nümayiş olunub.