Əqli Mülkiyyət Agentliyi təlimləri davam etdirir

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanları Mərkəzinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Akademiyasında müəllim heyəti və tələbələr üçün əqli mülkiyyət sahəsində maarifləndirici təlim keçirirlər.
Təlimin ilk günü Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira və faydalı modelin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova və Mərkəzin sektor müdiri Natəvan Talışova sənaye mülkiyyəti və patent hüquqları haqqında geniş məlumat veriblər.
Növbəti təlim günündə şöbə müdiri Sevinc Zeynalova, İxtira və faydalı modelin ekspertizası şöbəsinin Kimya sektorunun aparıcı məsləhətçi-eksperti Kəmalə Qasımova təlim iştirakçılarına beynəlxalq axtarış sistemləri haqqında, Mərkəzin əməkdaşı Firuzə Bəhramova “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) sistemi barəsində ətraflı məlumat veriblər. İştirakçılara sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı prosesi əyani olaraq nümayiş etdirilib.
Təlim interaktiv şəkildə davam edib və Agentlik əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.