Əqli Mülkiyyət Agentliyi tərəfindən 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə tədbir keçirilib

26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən təsis edilib. Bu tarixin seçilməsi “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis olunması haqqında Konvensiya”nın 1970-ci il 26 aprel tarixində qüvvəyə minməsi ilə əlaqədardır.
Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə hər il dünyanın əksər ölkələrində keçirilən müxtəlif tədbirlərin məqsədi əqli mülkiyyətin davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasında tutduğu yeri diqqətə çatdırmaq, əqli mülkiyyət hüquqlarının yaradıcılığın təşviqində oynadığı rolu vurğulamaq, yaradıcı insanların fəaliyyətini dəstəkləmək, əqli mülkiyyətə hörməti yüksəltməkdir.
Ənənəvi olaraq bu əlamətdar gün Azərbaycanda 2001-ci ildən başlayaraq 24 ildir keçirilir və hər il bununla əlaqədar müxtəlif tədbirlər təşkil edilir.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli 477 nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər çərçivəsində 26 Aprel - “Beynəlxalq Əqli Mülkiyyət Günü” münasibəti ilə bu ilin 25 aprel tarixində Əqli Mülkiyyət Agentliyi tərəfindən “Əqli mülkiyyətin melodiya, harmoniya və ritmlərinin başında yaradıcılıq durur” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada ölkəmizin ali təhsil müəssisələrinin əməkdaşları və digər maraqlı şəxslər iştirak ediblər.
Tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Əqli mülkiyyətin melodiya, harmoniya və ritmlərinin başında yaradıcılıq durur” mövzusunda geniş məruzəsi dinlənilib. K.İmanov bu əlamətdar günün ÜƏMT-nın “Əqli mülkiyyətin ritmini hiss et” şüarı altında keçirildiyini və bunun rəmzi məna daşıdığını bildirb. Belə ki, cari il ÜƏMT tərəfindən 26 aprel – “yeni səslər, üslublar və texnologiyalar yaradaraq musiqinin gələcəyini formalaşdıran, bizi əqli mülkiyyətin ritmini hiss etməyə vadar edən, istedadlı müəlliflərə, ixtiraçılara və sahibkarlara, universal musiqi dilinə ehtiram ili” kimi qeyd olunur.
Məruzədə musiqi əsərinin hüquqi qorunmasının fəlsəfi aspektləri analiz edilib, hüquq doktrinalarında müxtəlif nəzəri yanaşmalar təhlil edilib. Eyni zamanda əqli fəaliyyət nəticələrində yaradıcılığın roluna toxunulub, müəlliflik hüququ və patent hüququnda yaradıcılığın ümumi və fərqli tərəfləri göstərilib. K.İmanov müasir dövrdə musiqi əsərində süni intellektin rolunun kifayət qədər nəzərə çarpdığını qeyd edərək süni intellektin inkişafı və onun yaratdığı müasir hüquqi məsələlər, süni intellektin hüquq subyektliyi və onun tanınmasının problemləri, bu sahədə perspektivdə duran məsələlər barədə fikirlərini bölüşüb.
K.İmanovun məruzəsinin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Sumqayıt Dövlət Universitetinin rektorunun vəzifəsini icra edən Əminağa Sadıqov və Azərbaycan Dövlət İqtisad Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Rövnəq Rzayev çıxış edərək Agentliyin bu sahədə gördüyü işləri yüksək qiymətləndirib, ali təhsil müəssisilərində əqli mülkiyyət sahəsində maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı təkliflərini veriblər.
Sonra mövzu ətrafında müzakirələr keçirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb. Dəyirmi masada Kamran İmanovun müəllifliyi ilə nəşr olunan əqli mülkiyyətin müxtəlif sahələrinə aid kitablar tədbir iştirakşılarına paylanılıb.