Əqli Mülkiyyət Agentliyi tərəfindən vebinar keçirilib
Əqli Mülkiyyət Agentliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin əməkdaşları üçün “Sənaye mülkiyyəti obyektlərinin patentləşdirilməsi” mövzusunda vebinar keçirilib.
Tədbirdə Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinin İxtira, faydalı model və sənaye nümunəsinin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova mahiyyətcə ekspertizanın aparılması, iddia sənədinə dair sorğuların verilməsi və onların cavablandırılması, patent qabiliyyəti şərtlərinin yoxlanması barədə məlumat verib. O, Agentliyin “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sisteminin, Sənaye Mülkiyyəti Obyektlərinin Reyestrinin (Açıq reyestr) üstünlüklərini izah edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” 2022-ci il 15 iyun tarixli Fərmanına əsasən ixtira və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdirilməsinin nəzərdə tutulduğunu bildirib.
Vebinarda çıxış edən Mərkəzin aparıcı məsləhətçi-ekspertləri ixtira, faydalı model və sənaye nümunəsi üzrə iddia sənədinin tərtib olunması və verilməsi, mahiyyətcə ekspertiza zamanı ixtira düsturunun tərtibi, Avrasiya iddia sənədinin verilməsi, tərtibi və göndərilməsi, o cümlədən PCT beynəlxalq sistemi vasitəsilə beynəlxalq iddia sənədinin verilməsi qaydaları haqqında vebinar iştirakçılarına məlumat veriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Vebinarda Naxçıvan Dövlət Universitetinin 90-a yaxın əməkdaşı, müəllim və tələbəsi iştirak edib.