Əqli Mülkiyyət Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığı genişləndirir
Əqli Mülkiyyət Agentliyi ölkəmizin əqli mülkiyyət sahəsində beynəlxalq mübadilə və əməkdaşlığa dair vəzifələrin yerinə yetirilməsi istiqamətində fəaliyyətini çoxtərəfli müstəvidə davam etdirərək, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə əlaqələrin genişlənməsi və səmərəliliyinə xüsusi önəm verir.
Bu istiqamətdə 2022-ci ildə Agentliyin fəaliyyəti uğurla davam etdirilib. Belə ki, 2022-ci ildə keçirilən ÜƏMT-nın 63-cü sessiyası bu baxımdan Agentliyin yaxın müddətli fəaliyyət dairəsinin müəyyən edilməsi üçün faydalı olub. Bu tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi ölkəmizin nümayəndə heyəti hibrid formatda iştirak edib.
Baş Assambleyanın plenar iclasında çıxış edən K.İmanov qlobal əqli mülkiyyət institutunun uğurlarının ÜƏMT-nın əsaslandığı ardıcıllıq, sabitlik, eyni zamanda, mobilliyi ilə şərtləndirildiyini qeyd edib. O, əqli mülkiyyətin iqtisadi rifahın mühüm elementinə çevrilməsinin getdikcə aktuallaşmasını, bunun milli innovasiya ekosistemlərinin formalaşmasına əsaslı dəstək olacağını vurğulamış, sonuncu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin yaradılmasını və Agentliyin nümayəndəsinin bu Mərkəzin Direktorlar Şurasının üzvü olmasını qeyd edib.
K.İmanov həmçinin vurğulayıb ki, ölkəmizdə müasir çağırışlara uyğun olan model əsasında yaradılan əqli mülkiyyət sahəsinin yeni institusional strukturu sahəvi fəaliyyətin səmərəliliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Sessiya çərçivəsində nümayəndə heyəti ÜƏMT-nın müxtəlif bölmələri ilə əməkdaşlıq məsələlərini müzakirə edib. Xüsusi olaraq, ÜƏMT-nın Keçid və İnkişaf Etmiş Dövlətlər departamentinin direktoru Habip Asan ilə gələcək əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr edilən görüşün əhəmiyyəti qeyd edilməlidir. Bu tədbirdə diqqət, o cümlədən Qlobal İnnovasiya İndeksinin (Qİİ) Azərbaycana dair hissələrində bəzi boşluqların olmasına yönəlib, Qİİ-nin tərtibi məsələləri ilə bağlı ölkəmizin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə müzakirələrin keçirilməsi təklif edilib. Qeyd edək ki, bununla əlaqədar 2022-ci ilin oktyabrında Qİİ-nin alt-komponentlərinə cavabdeh ölkəmizin işçi qruplarının və ÜƏMT-nın təmsilçilərinin iştirakı ilə birgə genişləndirilmiş iclas keçirilib. Bu tədbirin əsas məqsədi Qİİ üzrə mövcud vəziyyətin araşdırılması və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, bu sahədə səmərəli koordinasiyanın təmin edilməsi, Azərbaycana dair məlumatlara aydınlığın gətirilməsi olub.
Həmçinin ÜƏMT-nın əqli mülkiyyət sahəsində milli strategiyaların hazırlanması metodologiyasına uyğun olaraq, Azərbaycanda milli Əqli Mülkiyyət Strategiyasının qəbul edilməsi ilə bağlı təmaslar davam etdirilib, bu Strategiyanın hazırlanmasında ÜƏMT-nın mütəxəssislərinin iştirakı məsələsi müzakirə edilib.
Agentliyin və onun tabeliyində olan qurumların təmsilçiləri həmçinin ÜƏMT xətti ilə keçirilən bir sıra beynəlxalq tədbirlərdə onlayn rejimdə və fiziki olaraq iştirak ediblər. Bu tədbirlərin əksəriyyətində Agentliyin nümayəndələri müvafiq təqdimatlar və çıxışlar ediblər. Onlar həmçinin ÜƏMT Akademiyasının xətti ilə keçirilən bir çox, o cümlədən “Patent sənədləşməsinin hazırlanmasının əsasları”, “Əqli mülkiyyət, ənənəvi biliklər və ənənəvi mədəni ifadələr”, “Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv idarəedilməsi”, “Əmtəə nişanları, sənaye nümunələri və coğrafi göstəricilər”, “ÜƏMT qaydaları üzrə arbitraj və mediasiya”, “Proqram təminatının lisenziyalaşdırılması” istiqamətləri üzrə təlim kurslarında iştirak ediblər.
ÜƏMT 26 beynəlxalq konvensiya, saziş və müqavilənin inzibati idarəçiliyini həyata keçirir. Azərbaycan ÜƏMT-nin 16 müqavilə və konvensiyalarına və müvafiq sazişlər üzrə protokoluna qoşulub. Həmin sənədlərin 6-sı müəlliflik hüququ və əlaqəli hüquqları, 10-u sənaye mülkiyyəti hüquqlarına aiddir.
Hazırda Azərbaycan Respublikasının ÜƏMT-nın Patent Hüququ Müqaviləsinə (PLT) qoşulması ilə bağlı məsələ müzakirə olunur. Bu istiqamətdə fəaliyyət Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”na uyğun həyata keçirilir.