Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə maarifləndirici konfrans keçirilib

Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə maarifləndirici konfrans keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Əqli Mülkiyyət Agentliyi və universitetin Elmi tədqiqatların idarə olunması departamentinin birgə təşkilatçılığı ilə əqli mülkiyyət hüquqları çərçivəsində maarifləndirici konfrans keçirilib

Konfransı giriş sözü ilə açan universitetin Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan günün tələblərinə uyğun olaraq universitetdə elmi işlərə, elmi meyarlara, elmlə bağlı olan bütün məsələlərə xüsusi diqqət ayrıldığını vurğulayıb. O, əqli mülkiyyətin innovasiya və elmi-tədqiqat fəaliyyətində oynadığı roldan danışaraq qeyd edib ki, bu barədə geniş məlumatların verilməsinə böyük ehtiyac var. Belə ki, hansı işin patent qabiliyyətli olması, hansı mərhələlərdən keçməsi, aldığımız patentlərin bizə nə verməsi, hansı səviyyədə tanınması haqqında kifayət qədər bilgilərimiz olmalıdır. Nəzəri kafedralardan patent üçün daha çox, klinik kafedralardan isə nisbətən az müraciət edildiyini söyləyən M.Sultan müzakirələrin məhz bu aspektdən aparılmasının vacibliyinə toxunub. Həmçinin əqli mülkiyyətin qorunması, qrant və patentlərin alınması barədə silsilə tədbirlər, o cümlədən aprel ayında ümumrespublika toplantısı keçirməyi planlaşdırdıqlarını bildirib. Müəlliflik hüququ, patentləşdirmə və əqli mülkiyyətin qorunması sahəsində akademik heyətin biliklərinin artırılmasının önəmini diqqətə çatdırıb.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova ilk növbədə tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirərək, bu konfransı qarşılıqlı əməkdaşlığın ilk addımı kimi dəyərləndirib. Bildirib ki, əqli mülkiyyətə xüsusi diqqət yetirilməsinin səbəbi onun təkcə innovasiya iqtisadiyyatına deyil, həm də elm, tibb və cəmiyyətin digər vacib sferalarına təsir göstərməsidir: “Əsas məqsədimiz sənaye mülkiyyəti hüquqlarını, ixtiranın faydalılığı, əmtəə nişanları ilə bağlı hüquqların qorunması məsələlərini müzakirəyə çıxarmaqdır”.

Bundan sonra Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin şöbə müdirinin müavini Afət Qasımovanın “Patent hüququ obyektləri və patentin alınmasına dair iddia sənədinin tərtibatı və verilməsi” mövzusunda məruzəsi dinlənilib.

Adıçəkilən şöbənin müdiri Sevinc Zeynalova “Əqli mülkiyyət obyektlərinin mahiyyəti və ekspertizanın aparılması”, sektor müdiri Natəvan Talışova isə “Kimya və tibb sahəsi üzrə iddia edilən ixtiraların tərtibatının xüsusiyyətləri”ndən danışıblar. Mərkəzin sektor müdiri Gülcahan Əlimərdanovanın “Əmtəə nişanları və coğrafi göstəricilər” mövzusunda təqdimatı da iştirakçılar tərəfindən maraqla qarşılanıb. Mərkəzin eksperti Firuzə Bəhramova isə sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunu həyata keçirən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf (PƏNAH) rəqəmsal informasiya sistemi haqqında ətraflı məlumat verib.

Bakalavrlar, magistrlər, dissertantlar və professor-müəllim heyətinin qatıldığı tədbirdə agentliyin nümayəndələri ixtiralara dair tələblər, patentlərin alınması və tanınması şərtləri barədə sualları cavablandırıblar.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×