Əqli Mülkiyyət Agentliyində 20 Yanvar faciəsinin qurbanları yad edilib
2024-cü il 17 yanvar tarixində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyində anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə faciədə şəhid olan oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov faciə ərəfəsində ölkədə baş verən hadisələr haqqında məlumat verib. O, qeyd edib ki, Sovet İttifaqı tərəfindən törədilən bu qanlı hadisə xalqımızın azadlıq və müstəqillik arzularına qarşı idi. Həmin gün Azərbaycan xalqının milli mübarizəsində bir dönüş nöqtəsi kimi tarixə yazıldı, xalqın milli şüurunu oyatdı, müstəqillik üçün daha da böyük əzm və iradə göstərilməsinə səbəb oldu. S. Tapdıqov Ümummilli lider Heydər Əliyevin faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldiyini, öz etiraz səsini ucaldaraq bu hadisəni dünya ictimaiyyətinə çatdırdığını bildirib. O, ulu öndər H.Əliyevin siyasi iradəsi əsasında Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildiyini və qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi qiymət verildiyini vurğulayıb və tariximizin qürurlu günü kimi 20 Yanvar faciəsinin heç zaman unudulmayacağını bildirib.
Agentliyin Aparat rəhbəri Xudayət Həsənli bu faciəni Azərbaycan xalqının əzmkarlığı, qəhrəmanlığı və azadlıq uğrunda apardığı mübarizə olduğunu bildirib. O, vurğulayıb ki, 20 Yanvar Azərbaycanın müstəqillik yolunda sarsılmaz bir qələbə və əzmkarlıq əlaməti olaraq xalqımızın yaddaşında həmişə qalacaqdır. X. Həsənli həmçinin 20 yanvar tarixində Şəhidlər Xiyabanının ziyarət edilməsi ilə bağlı görülən hazırlıq işləri barədə məlumat verib.