Əqli Mülkiyyət Agentliyində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günü münasibətilə tədbir keçirilib
2023-cü il 22 dekabr tarixində Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri açan RETK-nın direktoru Mübariz Məmmədli Prezident İlham Əliyevi qalib sərkərdə, müzəffər Ali Baş Komandan, qurucu dövlət başçısı kimi xarakterizə edib.
İlham Əliyevin sinif yoldaşı olmuş Əqli Mülkiyyət Agentliyi İdarə Heyəti sədrinin müşaviri Fərid Cəfərov məktəb illəri ilə bağlı maraqlı hadisələrdən danışıb, kitabxana kollektivi tərəfindən verilən sualları cavablandırıb.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Nəsirov tədbirin əlamətdar dövrə təsadüf etməsini və qarşıdan gələn prezident seçkilərində hər bir azərbaycanlının yaxından iştirakının vacibliyini qeyd edib.
Sonra Prezident İlham Əliyevə sinif yoldaşları tərəfindən hədiyyə olaraq çəkilmiş “Seçki hüququ” adlı sənədli filmə baxış keçirilib. Filmdə Prezident İlham Əliyevin təhsil aldığı illər haqqında həm məktəb, həm də universitet yoldaşlarının xatirələri yer alıb.