Əqli Mülkiyyət Agentliyində Novruz Bayramı qeyd edilib
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) xalqımızın milli bayramı olan Novruza həsr edilmiş “Odlar Yurdu - Azərbaycan” mövzusunda tədbir keçirilib.
RETK-nın informasiya resursları üzrə direktor müavini Ləman Xələfova gözəllik, saflıq, təzəlik rəmzi olan Novruzun tarixinə nəzər salıb, bu qədim bayramın hər il ölkəmizdə sonsuz fərəhlə qeyd edildiyini diqqətə çatdırıb.
Tədbirdə Kitabxana əməkdaşlarının əl işlərindən ibarət sərgi maraqla qarşılanıb.
RETK-nın Kütləvi işlər və təbliğat şöbəsinin müdiri Amaliya Qənbərova Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə Novruz təntənələrinin xalqımızın həyatına birdəfəlik daxil olduğunu bildirib. O, bu gün Novruz tonqalının ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, xalqımızın qətiyyətli Ali Baş Komandanı, Prezident İlham Əliyev və onun yenilməz ordusunun igid oğulları sayəsində artıq üçüncü ildir ki, işğaldan azad olunmuş torpaqlarımızda da şölələndiyini vurğulayıb.
RETK-nın əməkdaşları milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının əhəmiyyətindən bəhs edərək, xoş arzularını bildiriblər.
Tədbirin sonunda “Yurdumuza yaz gəlir”” adlı videomaterial nümayiş etdirilib.