Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində Türkpatentin rəhbəri ilə görüş keçirilmişdir

Əqli Mülkiyyət Agentliyində Türkpatentin rəhbəri ilə görüş keçirilmişdir

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Texnofest-Azərbaycan” festivalının tədbirlərində iştirak edən Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin tabeliyində olan Patent və Əmtəə Nişanları Qurumunun (Türkpatent) sədri vəzifəsini icra edən Cemil Başpınarı qəbul etmişdir.

Qarşılıqlı səmimilik şəraitində keçən görüşdə tərəflər təmsil etdikləri qurumların fəaliyyət dairəsi, strukturu və əlaqələri barədə təfsilatlı məlumatlar vermiş, əqli mülkiyyət sisteminin nəzəri və praktiki amillərinin əlaqələndirilməsinin əhəmiyyətini vurğulamış,gələcək əməkdaşlığın, o cümlədən kadrların hazırlanması sahəsində, perspektivlərini müzakirə etmişlər.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dərin islahatlar siyasəti çərçivəsində yenidən formalaşan əqli mülkiyyət sahəsinin idarə edilməsindən söz açan K.İmanov qeyd etmişdir ki, hazırda Agentliyin tabeliyində 4 publik hüquqi şəxs – Respublika Elmi-Texniki Kitabxana, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və yeni yaradılan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi mövcuddur.

Onun sözlərinə görə, vahid çətir altında fəaliyyət göstərən bu qurumların əsas vəzifəsi əqli mülkiyyətin müasir dövrdə dəyişən roluna uyğun olaraq ölkəmizdə əqli mülkiyyət ekosisteminin formalaşması və effektivliyinin təmin edilməsidir. Bu, özündə tək hüquqi deyil, eləcə də iqtisadi və sosial aspektləri ehtiva edəcək yanaşma olaraq, dövlət siyasətinin həyata keçirilməsinə dəstək və xidmət üsulu kimi təzahür edir.

O həmçinin vurğulamışdır ki, Agentlik öz idarəetmə modelinə uyğun olaraq, əqli mülkiyyətin hər iki qolunun – müəlliflik hüququnun və sənaye mülkiyyətinin - inkişaf etdirilməsini özünün əsas vəzifələrindən bilir. Bu çərçivədə Agentlik tərəfindən aparılan nəzəri araşdırmalar sırasında K.İmanov patent hüququ ilə müəlliflik hüququnun qarşılaşdığı təzadlı məqamlara aydınlıq gətirilməsi, patent analitikası üzrə elmi tədqiqatların aparılması, süni intellekt və Biq-datalarla (böyük həcmli məlumatlar) əlaqəli çalışmaları qeyd etmişdir.

K. İmanov Agentlikdə fəaliyyət göstərən PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) sistemi, eləcə də treninq mərkəzi, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Əqli mülkiyyət hüququ” kafedrasının yaradılması və magistrlər üçün təhsil proqramının tətbiqi barədə də məlumat vermişdir. Agentliyin çağrı mərkəzi ilə bağlı o qeyd etmişdir ki, buradan Agentliyin mütəxəssisləri əqli mülkiyyətin bütün spektri üzrə maraqlı şəxslərdən daxil olan sorğu və suallara dürüst cavablar verir, onları istiqamətləndirirlər.

Öz növbəsində, C.Başpınar qəbula görəminnətdarlığını bildirib, qeyd etmişdir ki, Azərbaycanda gördükləri münasibəti dostluq, qardaşlıq və səmimiyyət kimi dəyərləndirir.

O, həmçinin Azərbaycan əqli mülkiyyət sisteminin idarə edilmə modelinin təfərrüatları ilə maraqlanıb, həmsöhbətindən aldığı cavablardan sonra, bu təcrübədən yararlanmaq istəyinin olduğunu bildirib.

C.Başpınar Agentliklə əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalamağa hazır olduğunu, bu sənədin müddəalarının nəzərdə tutduğu fəaliyyətlərin qısa zamanda həyata keçirilməsinin əhəmiyyətini qeyd etmişdir.

K.İmanov da həmin sənədin imzalanmasını dəstəkləmiş, eyni zamanda vurğulamışdır ki, ikitərəfli əlaqələrdə daha çox üstünlük əməkdaşlar arasında ünsiyyətə verilməlidir.

Görüşün sonunda C.Başpınar iki təşkilatın gələcək əməkdaşlığına çox ümidli baxdığını bildirmiş, K. İmanov isə bu əməkdaşlığın, işbirliyinin ürəkdən gəldiyini demişdir.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×