Əqli Mülkiyyət Agentliyində “Zəfər Günü” qeyd edilib

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) 8 noyabr Zəfər Gününə həsr edilmiş tədbir və kitab sərgisi keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi ehtiramla yad edilib. Tədbirdə çıxış edən RETK-nın direktoru Mübariz Məmmədli vurğulayıb ki, bu tarixi qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artırılması, müasir ordu quruculuğu və xalqımızın birliyi nəticəsində mümkün olmuşdur. 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsilə əldə olunan Zəfər Azərbaycanın gələcək inkişaf perspektivlərinin müəyyənləşməsi üçün geniş yol açmışdır.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Akif Təvəkküloğlu çıxışında Zəfər Gününün respublikamızın hüdudlarından kənarda da böyük təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Almaniyada, İordaniyada, Türkiyədə və bir çox dövlətlərdə tarixi qələbəmizin ildönümü münasibətilə tədbirlər keçirilir, bəyanatlar yayılır və yürüşlər təşkil olunur.
Tədbirdə Azərbaycanın şanlı Zəfər tarixini əks etdirən kitabların əhəmiyyəti və böyük qələbəmizin gələcək nəsillərə çatdırılmasında kitabxananın və kitabxana işçilərinin xüsusi rol oynadığı vurğulanıb.























