Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov ÜƏMT-nın Baş Assambleyasında çıxış edib
İyulun 9-da Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzv-dövlətlərinin Assambleyalarının 65-ci iclası başlayıb.
Tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov, İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gəray Dadaşov və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynovdan ibarət nümayəndə heyəti ölkəmizi təmsil edir.
Plenar iclasda ÜƏMT-nın Baş direktoru Daren Tanqın məruzəsi dinlənilib.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Baş Assambleyanın iclasına onlayn rejimdə qoşularaq ingilis dilində çıxış edib. O, Azərbaycan nümayəndə heyəti adından tədbir iştirakçılarını salamlayıb və ÜƏMT Katibliyinə uğurlar arzulayıb.
Agentliyin rəhbəri vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi köklü islahatlar ideologiyasının əsasında yaradıcı sahibkarlar, investisiyalar və rəqabətqabiliyyətli bazarlarla yanaşı innovasiyaları dəstəkləyən əqli mülkiyyət prioritet kimi önə çəkilir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” kimi mühüm sənədlərdə bu öz əksini tapır və eyni zamanda ÜƏMT-nin 2022-2026-cı illər üçün Ortamüddətli Strateji Planının müddəaları ilə əlaqələndirilir.
K.İmanov ÜƏMT-nın 2024-cü il üzrə “İnnovasiya siyasəti inkişafın aləti kimi” hesabatının tezislərinə əsaslanaraq qeyd edib ki, Azərbaycan öz səylərini yerli innovativ potensialın və milli kreativ iqtisadiyyatın inkişafına, o cümlədən işğaldan azad edilmiş torpaqlarda ağıllı kənd (smart kənd) və ağıllı şəhərlərin (smart şəhərlərin) yaradılmasına yönəldib.
Çıxışda ölkəmizdə təklif olunan qanunvericilik layihələrində müəlliflik hüququ və sənaye mülkiyyəti, eləcə də ənənəvi biliklər və ənənəvi mədəni nümunələr arasında qarşılıqlı əlaqənin nəzərə alındığı, ÜƏMT-nın IPAS (Industrial Property Administration System) sistemi ilə inteqrasiya olunmuş milli PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) sistemi əsasında inzibati prosedurların rəqəmsal transformasiyasının istənilən yerdən vahid rəqəmsal məkanda 24/7 rejimində daxil olmaq imkanı ilə təmin edildiyi, son illər ərzində Agentliyin dəstəyi ilə iki universitetdə əqli mülkiyyət kafedralarının yaradıldığı diqqətə çatdırılıb.
K.İmanov sonda cari ilin qlobal hadisəsi, bu ilin payızında Bakıda keçiriləcək COP29 çərçivəsində əqli mülkiyyət sahəsində məsələlərin müzakirəsi üçün imkan yaranacağına inandığını bildirib.
Qeyd edək ki, ÜƏMT-nın üzv-dövlətlərinin Assambleyalarının 65-ci iclası iyulun 17-dək davam edəcək.