Əqli Mülkiyyət Agentliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə həyata keçirdiyi layihə başa çatıb

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “İqtisadi artım və rəqabət qabiliyyətlilik üçün əqli mülkiyyət aktivlərindən istifadə etmək məqsədilə Azərbaycanın aqrar-ərzaq sektorunda mikro və kiçik biznesin dəstəklənməsi” layihəsi başa çatıb.
Tədbirin bağlanış sessiyasında Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə danışıb. S.Tapdıqov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların iqtisadi fəallığın və sərbəst rəqabətin gücləndirilməsinə yönəldiyini xüsusilə vurğulayıb. O, layihənin vacibliyinə toxunaraq qeyd edib ki, bu işin reallaşdırılması ideyası 2023-cü ilin iyun ayında ÜƏMT-nin Baş direktorunun müavini Hasan Kleybin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı aparılan müzakirələr nəticəsində formalaşıb. S.Tapdıqov qeyd edib ki, mikro və kiçik biznes subyektləri belə layihə imkanlarından yararlanaraq, bazarda rəqabət qabiliyyətliliyini artırır və dayanıqlı mövqe qazanırlar.
KOBİA-nın İdarə Heyətinin sədr müavini Emil Hüseynli Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin və geniş imkanların yaradıldığını vurğulayıb. Əqli mülkiyyət hüquqlarının qorunmasının biznesin inkişafında mühüm rol oynadığını qeyd edən E. Hüseynli bu hüquqların sahibkarlara öz innovativ məhsul və xidmətlərinin bazarda rəqabət qabiliyyətini artırmağa imkan verdiyini vurğulayıb.
ÜƏMT-nin Əqli Mülkiyyətin İnkişafı Bölməsinin rəhbəri, əqli mülkiyyətin inkişafı üzrə layihə meneceri xanım Lorena Bolanos Pacheco layihənin həyata keçirilməsində dəstəyə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə təşəkkürünü bildirib. O, əqli mülkiyyətin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və iqtisadi inkişafın təşviqindəki rolunu vurğulayıb.
Bağlanış sessiyasında çıxış edən ÜƏMT-nın Mərkəzi Avropa və Baltikyanı ölkələr və Aralıq dənizi ölkələri üzrə bölməsinin əməkdaşı xanım Mihaela Cerbari Simmons həyata keçirilən layihənin məqsədi haqqında məlumat verib.
Türkiyəli beynəlxalq ekspert xanım Arife Yılmaz Topal əqli mülkiyyətin aqro-ərzaq biznesində aktuallığı, aqro-ərzaq sənayesi üçün coğrafi göstəricilər və onların əhəmiyyəti, aqro-ərzaq sahəsində əqli mülkiyyətin kommersiyalaşdırılması strategiyalarından danışıb.
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin əməkdaşı Gülcahan Əlimərdanovanın “Azərbaycanın aqrar-ərzaq sektorunda mikro və kiçik sahibkarlıq subyektlərinə iqtisadi artım və rəqabət qabiliyyətlilik üzrə dəstək” mövzusunda təqdimatı olub.
Tədbirdə ölkəmizin “Murad Agro” MMC, “Kristal” MMC, “United Fishers” MMC, “Veysəloğlu Şirkətlər Qrupu”nun nümayəndələri və fərdi sahibkarlar iştirak ediblər.
Görüşdə benefisiarlara əmtəə nişanları və bir coğrafi göstəricinin qeydiyyatı haqqında şəhadətnamələr və bir sənaye nümunəsi üzrə patent təqdim edilib.
Tədbirin sonunda əqli mülkiyyətin innovativ sahibkarlığın təşviqindəki rolu ilə bağlı fikir mübadiləsi aparılıb.