Əqli Mülkiyyət Agentliyinin əməkdaşı vebinarda iştirak edib

23 yanvar 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının texnologiya transferi ilə bağlı vebinarlar silsiləsinin növbəti tədbiri keçirilib. Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən “Elm üçün elmmi, yoxsa cəmiyyət üçün elmmi?” adlı vebinarda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədrinin hüquq məsələləri üzrə köməkçisi Əkbər Əliyev iştirak edib.
Vebinarda spiker qismində “Catalysade Technology Transfer Inc.”in təsisçisi Dr. Sanem Yalçıntaş iştirak edib. O, innovasiya və texnologiya transferi sahəsində akademiya və özəl sektorda 25 ildən artıq təcrübəyə malik tanınmış mütəxəssisdir və 2019-cu ildən bəri TÜBİTAK Texnologiya Transfer Mexanizmləri Qrupunun (TEMEG) İcraiyyə Şurasının üzvü kimi fəaliyyət göstərir.
Vebinarda akademik tədqiqatların yalnız elmi əsər olaraq yox, real cəmiyyət və iqtisadi faydalara çevrilməsi yolları müzakirə olunub. İnnovasiya və texnologiya transferi sahəsində elmi tədqiqatların real dünyaya tətbiqi məsələsinin, o cümlədən patent və sahibkarlıq kimi müxtəlif fəaliyyətlərin innovasiya və cəmiyyətdə təsir yaratmadakı əhəmiyyəti vurğulanıb.
Ə.Əliyev iştirakçılar tərəfindən verilmiş patent obyekti olan ixtiraların kommersiyalaşdırılması istiqamətində sualları ətraflı cavablandırıb, eyni zamanda ölkəmizdə texnologiyaların transferi və kommersiyalaşdırılması sahəsində aparılan dövlət siyasəti və Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti haqqında geniş məlumat verib. O, Əqli Mülkiyyət Agentliyinin patent obyektlərinin kommersiyalaşdırılması məsələsinə diqqət yetirərək, bütün tədqiqatçılara bu istiqamətdə qurumun dəstək mexanizmləri barədə geniş izah verib.