Əqli Mülkiyyət Agentliyinin əməkdaşı vəkillər üçün təlim keçib
Əqli Mülkiyyət Agentliyi mütəmadi olaraq ictimaiyyətin müxtəlif kateqoriyasından olan nümayəndələri üçün əqli mülkiyyət sahəsi üzrə maarifləndirmə tədbirləri keçirir.
Bu günlərdə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Vəkillər Kollegiyasının üzvləri üçün “Əqli mülkiyyət sahəsində mübahisələrə baxılmasının hüquqi mexanizmləri” mövzusunda ixtisasartırma kursu təşkil olunub. Kurs çərçivəsində Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin böyük məsləhətçisi Əkbər Əliyev tərəfindən vəkillər üçün təlim keçirilib.
20 vəkilin iştirak etdiyi tədbirdə əqli mülkiyyət hüququ sahəsində mübahisələrin həllinə dair qanunvericiliyin tələbləri barəsində mühazirə oxunub. İnteraktiv formada keçirilən təlimdə Ə.Əliyev əqli mülkiyyət hüququ üzrə əsas hüquqi anlayışlar, əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələrin həllinin hüquqi mexanizmləri, mübahisələrin məhkəmədə və məhkəmədən kənar həlli, müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi, sənaye mülkiyyəti sahəsində mübahisələrin həllinin xüsusi hüquqi mexanizmləri mövzularından ətraflı danışıb.
Eyni zamanda, mövzu üzrə paktiki məsələlər, məhkəmə təcrübəsi, mövcud problemlər və onların həlli üsulları barədə məsələlərə aydınlıq gətirilib.
Təlimdə iştirakçıları maraqlandıran nəzəri, qanunvericiliklə bağlı və praktiki məsələlərə dair müxtəlif suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.