Əqli Mülkiyyət Agentliyinin əməkdaşına sertifikat təqdim olunub
2023-cü il 19-30 iyun tarixində Moskva şəhərində Avrasiya Patent İdarəsində (EAПВ) Avrasiya Patent Təşkilatına (EAПO) üzv dövlətlərin milli patent idarələrinin ekspertləri ənənəvi təcrübə keçiblər. Bu təlimdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin aparıcı məsləhətçi- eksperti Nazilə Cahangirova iştirak edib.
Təlim kursu zamanı milli patent idarələrinin nümayəndələri EAPO-nun təcrübəsi, ekspertizanın xüsusiyyətləri və aparılma üsulları, rüsumların hesablanması, regional normativ tələblər, Ofisin elektron xidmətləri və EAPO-nun işinin digər aspektləri ilə tanış olublar.
Təcrübə zamanı “sual-cavab” formatında bir neçə dəyirmi masa keçirilib. Burada milli patent idarələrinin mütəxəssisləri milli idarələrin yanaşmalarını və təcrübəsini müzakirə etmək, onu EAPO-dan olan həmkarlarının təcrübəsi ilə müqayisə etmək, həmçinin öz əlavələrini çatdırmaq imkanı əldə ediblər.
2023-cü il iyunun 19-dan 30-dək Rusiya Federasiyasından, Belarus Respublikasından, Azərbaycan Respublikasından, Qazaxıstan Respublikasından, Tacikistan Respublikasından və Qırğız Respublikasından olan 14 nəfərin iştirak etdiyi “Avrasiya ixtiralarının patentləşdirilməsi sistemi (mexanika, fizika və elektrotexnika sahəsində Avrasiya iddia sistemlərinin ekspertizasının xüsusiyyətləri), İxtira ərizələrinin ekspertizasının praktiki məsələləri” mövzusunda təcrübə proqramı uğurla keçdi.
Sonda təcrübənin bütün iştirakçılarına təlim kursunu uğurla bitirmələri haqqında sertifikatlar təqdim edildi.