Əqli Mülkiyyət Agentliyinin əməkdaşları AzMİU-da sənaye mülkiyyəti üzrə maarifləndirici təlim keçiblər

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Əqli Mülkiyyət Agentliyi və universitetin Əqli Mülkiyyət kafedrasının birgə təşkilatçılığı ilə “Sənaye mülkiyyətinin obyektləri və onların qeydiyyatı” mövzusunda maarifləndirici təlim keçirilib. Təlim “Əqli mülkiyyət hüquqları” aylığı çərçivəsində təşkil olunub və məqsədi sənaye mülkiyyətinin qorunması, qeydiyyat prosesləri və beynəlxalq hüquqi mexanizmlər barədə universitetin akademik heyətinə ətraflı məlumat vermək olub.
Təlimin açılışında çıxış edən AzMİU-nun prorektoru professor Nigar Aslanova əqli mülkiyyətin innovasiya və elmi-tədqiqat fəaliyyətində oynadığı roldan bəhs edib. O, müəlliflik hüquqları, patenləşdirmə və əqli mülkiyyətin qorunması sahəsində akademik heyətin biliklərinin artırılmasının vacibliyini vurğulayıb. Prorektor bu istiqamətdə keçirilən tədbirlərin universitetin elmi potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.
Agentliyin eksperti və AzMİU-nun Əqli Mülkiyyət kafedrasının müdir müavini Natiq İsayev çıxışında əqli mülkiyyətin təkcə mədəni və hüquqi aspektlərə deyil, həm də iqtisadi və sosial münasibətlər sisteminə təsir etdiyini vurğulayıb. O bildirib ki, hazırda dünyada əqli mülkiyyət iqtisadi inkişafın əsas faktorlarından birinə çevrilib və ölkələrin innovasiya strategiyalarında mühüm yer tutur.
Natiq İsayev qeyd edib ki, müstəqilliyimizin bərpasından sonra əqli mülkiyyət sahəsində xeyli işlər görülüb. Xüsusilə 90-cı illərin ortalarından etibarən bu sahədə münasibətləri tənzimləyən qanunverici aktlar qəbul olunub. Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində Azərbaycanın əqli mülkiyyət sahəsində qanunvericiliyi həm keçmiş SSRİ məkanında, həm də Şərqi Avropa ölkələri arasında ən zəngin qanunvericilik bazalarından biri hesab edilir.
Bununla belə, yaradıcı şəxslər arasında maarifləndirmənin artırılması, onların hüquqi biliklərinin təkmilləşdirilməsi və əqli mülkiyyətin kommersiyalaşdırılması istiqamətində fəaliyyətin gücləndirilməsi zəruridir.
Çıxışlardan sonra Agentliyin əməkdaşları tərəfindən adıçəkilən mövzu istiqamətində təqdimatlar edilib.
Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin eksperti Firuzə Bəhramova çıxışında sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı prosesini əyani olaraq nümayiş etdirib. O, agentlikdə yaradılan və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı ilə bağlı iddia sənədlərinin qəbulunu həyata keçirən “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmsal informasiya sisteminin əhəmiyyətini vurğulayıb. O, bildirib ki, bu sistem istifadəçilərə daha operativ və şəffaf xidmət göstərmək imkanı yaradır, sənaye mülkiyyətinin qeydiyyat prosesini asanlaşdırır və müraciətlərin emal müddətini qısaldır.
Sonra digər məruzəçilərin çıxışları dinlənilib. Onlar ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər barədə ətraflı məlumat veriblər. Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin şöbə müdirinin müavini Afət Qasımova iddia sənədlərinin hazırlanması və təqdim olunması qaydalarından danışıb. Mərkəzin sektor müdiri Gülcahan Əlimərdanova əmtəə nişanları və coğrafi göstəricilərin iqtisadi və hüquqi əhəmiyyətini, şöbə müdiri Sevinc Zeynalova isə əqli mülkiyyət obyektlərinin mahiyyəti üzrə ekspertizanın aparılma qaydalarını izah edib.
Təlimin ikinci hissəsində beynəlxalq əqli mülkiyyət qorunma sistemləri – Patent Əməkdaşlığı haqqında Müqavilə (PCT), Haaqa və Madrid sistemləri haqqında təqdimatlar keçirilib. İştirakçılar bu sistemlərin sənaye mülkiyyətinin qorunmasında rolu və tətbiqi qaydaları ilə tanış olublar.
İnteraktiv şəkildə davam edən təlim boyu Agentlik əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda Əqli Mülkiyyət Agentliyinin sahəyə dair kitabları universitetin kitabxanasına hədiyyə olunub.