Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti ÜƏMT üzv-dövlətlərinin Assambleyaları çərçivəsində bir sıra görüşlər keçirib
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzv-dövlətlərinin İsveçrə Konfederasiyasının Cenevrə şəhərində baş tutan Assambleyalarının 65-ci iclaslar silsiləsinin işində işirak edən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti ölkəmizin sahəvi əməkdaşlıq məsələlərinin müzakirəsi və inkişafı məqsədilə bir sıra görüşlər keçirib.
Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərliyi altında nümayəndə heyəti qeyd edilən tədbirlərə onlayn, eləcə də bilavasitə qoşulmuşdur.
Tədbirdə Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqovın rəhbərliyi ilə bilavasitə iştirak edən nümayəndə heyəti ilk olaraq ÜƏMT-nin Keçid və İnkişaf Etmiş Dövlətlər bölməsinin direktoru Habip Asanla görüş keçirib. Bu görüşdə ikitərəfli əlaqə və əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib. Həmsöhbətlər hazırda uğurla birgə həyata keçirilən kiçik və orta sahibkarlığa dəstək məqsədli layihənin daha əhatəli istiqamətdə inkişaf etdirilməsi üçün addımların atılmasının zəruriliyi barədə razılıq ifadə ediblər. ÜƏMT nümayəndəsi həmçinin ölkəmizin Əqli mülkkyyət Strategiyasının hazırlanması üzərində birgə çalışmağa hazır olduqlarını bildirib, əqli mülkiyyətin transferi vəkommersiyalaşdırılması sahəsində birgə layihənin həyata keçirilməsinin fayda verə biləcəyini qeyd edib və bu işə Azərbaycanda təsis edilən Qarabaq Universitetinin cəlb edilməsinin, bu istiqamətdə müvafiq dəstəyin verilməsinin vacibliyini vurğulayıb.
ÜƏMT-nin Patent və Texnologiyalar Hüququ şöbəsinin müdiri Andraş Jometi ilə görüşdə Azərbaycanın ÜƏMT tərəfindən idarəçiliyi həyata keçirilən Patent Hüququ Müqaviləsinə (PLT) qöşulması məsələsi müzakirə edilib. S.Tapdıqov bu çərçivədə ölkəmizin “Patent haqqında” Qanununa dəyişikliklərin edilməsi layihəsi üzərində işin başa çatdığını və həmin layihənin baxılması üçün artıq ÜƏMT-nin aidiyyəti bölmələrinə təqdim edildiyini bildirib. ÜƏMT nümayəndəsi ölkəmizin PLT-yə qoşulması prosesində istənilən dəstəyin verilməsinə hazır olduqlarını diqqətə çatdırıb.
ÜƏMT nümayəndələri ilə həmçinin Agentlikdə inzibati prosedurların rəqəmli transformasiyasının təmin edilməsi məqsədilə PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) milli platformasının ÜƏMT-nin Sənayə Mülkiyyətinin İdarəedilməsi Sistemi (Industrial Property Administration System – IPAS) ilə inteqrasiyası məsələsinin müxtəlif aspektləri müzakirə edilib.
S.Tapdıqovun ÜƏMT-nin Müəlliflik hüququ və Kreativ industriya Departamentinin müəlliflik hüququ bölməsinin direktor müavini Dimiter Qançevlə görüşündə isə yaradıcı sənayenin iqtisadiyyatda payının hesablanması üzrə metodologiyanın tətbiqinə dair birgə layihənin həyata keçirilməsinin məqsədəuyğunluğu müzakirə edilib.
Azərbaycan nümayəndə heyətinin Moldova, Türkiyə, Qazaxıstan və Belarusun əqli mülkiyyət sahəsində idarəçiliyi həyata keçirən qurumların rəhbərlikləri ilə də görüşləri olub.
Avrasiya Patent Təşkilatının İnzibati Şurasının (APT İŞ) qərarına əsasən, ÜƏMT Assambleyaları çərçivəsində Avrasiya Patent Konvensiyasının imzalanmasının 30 illiyinə həsr edilən tədbirlər sırasında APT İŞ-nın növbədənkənar iclası keçirilib, həmçinin APT üzv-dövlətlərinin gənc ixtiraçılarının sərgisi təşkil olunub. Ölkəmizi sərgidə “Tibbi nəqliyyatın avtomatlaşdırılmış idarəetmə sistemi” və “Avtomatlaşdırılmış suvarma idarəetmə sistemi” adlı ixtiraları ilə RüfətŞixıyev və Şahin Xəlilov təmsil ediblər.