Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndələri Türkiyədə keçirilən coğrafi göstəricələr mövzusunda regional simpoziumda iştirak ediblər

Əqli Mülkiyyət Agentliyinin nümayəndələri Türkiyədə keçirilən coğrafi göstəricələr mövzusunda regional simpoziumda iştirak ediblər

2022-ci ilin 24-25 noyabr tarixlərində Türkiyə Respublikasının Antalya şəhərində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Türkiyə Patent və Əmtəə Nişanları Qurumu (Türkpatent) və Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin (Sakpatenti) təşkilatçılığı, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) dəstəyi ilə coğrafi göstəricələr mövzusunda regional simpozium və coğrafi göstəricilərin sərgisi keçirilib.

Tədbirin əsas məqsədi coğrafi göstəricələrin qorunması, kollektiv idarə olunması və kommersiyalaşdırılması sahəsində təcrübə mübadiləsi idi.

Simpoziumun açılış mərasimində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun videomüraciəti nümayiş etdirilib. K.İmanov Azərbaycanın coğrafi göstəriciləri və brendlərinin təqdim olunmasından məmnun olduğunu qeyd edərək tədbirin bütün təşkilatçılarına, ilk növbədə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatına və Türkiyə Patent və Əmtəə Nişanları Qurumuna onları nümayiş etdirmək imkanına görə təşəkkürünü bildirib.

K.İmanovun müraciətində vurğulanıb ki, xalqların mədəni müxtəlifliyinin tanınması və qorunub saxlanılması, onların mədəni ifadə formalarının “mədəni kapital” mənbəyi kimi təbliği hər zaman yaradıcılığın stimullaşdırılmasına və əqli mülkiyyət xəzinəsinin innovasiyalarla zənginləşməsinə xidmət etmişdir. Mənşə adları vasitəsilə həyata keçirilən bu nəcib missiya ziyarətçilərə Azərbaycan xalqının qədim tarixi keçmişi, onun zəngin mədəniyyəti ilə tanış olmağa imkan verir. Təqdim olunan bir çox coğrafi göstəricilərlə müəyyən edilən məhsullar ənənəvi üsul və biliklər əsasında yaradılır, istehsal olunur və nəsildən-nəslə mənşə yerlərinin varislərinə keçir. Bununla da, bir sıra belə məhsullar müvafiq regionun adət-ənənələrinə əsaslanan yaradıcı irsin səciyyəvi xüsusiyyətlərini daşıyır və ənənəvi mədəni ifadələr (ƏMİ) və ənənəvi biliklər (ƏB) adlandırılan qeyri-maddi mədəni irs kateqoriyasına aid edilir. ƏMİ və ƏB Azərbaycanda sui generisrejimindəqorunur, lakin coğrafi göstəricilər məhsulun standartları hesabına onun dolayı qorunma aləti kimi çıxış edir.

Sərgidə təqdim olunan coğrafi göstəricilərin (brendlərin) nümunələrinin diqqətəlayiq bir xüsusiyyətə malik olduğunu diqqətə çatdıran K.İmanov onların tarixi-mədəni keçmişimizdən qaynaqlandığını, Azərbaycan adət-ənənələrini, müasir mərhələdə Azərbaycan xalqının əqli mülkiyyətinin varisliyini və davamlılığını təqdim etdiyini bildirib.

Qeyd edilib ki, Azərbaycan milli mətbəxinin inciləri – dolma və Şəki paxlavası, mineral sularımız və şərablar, milli əl işi sənət nümunələri – xalça və kəlağayı, milli musiqi alətləri – tar, kamança və dəf, həmçinin misgərlik sənəti etnosumuzun mənəvi dünyası və mentaliteti, intellekti və dünyagörüşü ilə sıx bağlıdır, onlar mədəniyyətimizin ruhunun daşıyıcılarıdır.

K.İmanov bu nümunələrin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini vurğulayaraq sərgilənən Azərbaycan mədəniyyətinin seçmə elementlərinin zəngin və qədim mədəniyyətimiz haqqında geniş məlumat verəcəyinə əmin olduğunu bildirib və tədbirin işinə uğurlar arzulayıb.

Simpoziumun açılışında Türkpatentin sədri Cemil Başpinar, Sakpatentinin rəhbərinin müavini Nino Çikovani, ÜƏMT-nin Keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr departamentinin direktoru Habip Asan da çıxış ediblər.

Ondan artıq ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

S.Tapdıqov seminarda ölkəmizin əqli mülkiyyət sistemi və Azərbaycana məxsus coğrafi göstəricilər haqqında təqdimat edib. O, Azərbaycanda coğrafi göstəricilərin ekspertizasının Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən həyata keçirildiyini diqqətə çatdırıb.

S.Tapdıqov on bir iqlim qurşağından doqquzunun Azərbaycanda olmasının ölkəmizdə coğrafi göstərici ola biləcək yüzlərlə çeşidin mövcudluğunu şərtləndirdiyini qeyd edərək Azərbaycanın bölgələrinə məxsus qida məhsulları, kənd təsərrüfatı məhsulları, özündə ən qədim adət-ənənələri əks etdirən müxtəlif sənətkarlıq nümunələrinin ölkəmizdən çox-çox kənarlarda geniş tanındığını bildirib.

Vurğulandı ki, bütöv tariximizi əks etdirən Şirvan, Bakı, Quba, Qarabağ, Şəki, Naxçıvan və başqa bölgələrimizə məxsus xalçalar, kəlağayılar, mineral sular, qida məhsulları, şərablar və digər məhsullar xalqımızın əsrlər boyu qazandığı maddi-mənəvi dəyərləri olaraq ənənəvi həyat tərzinə çevirmişdir. Ölkəmizə turistlərin cəlb edilməsində bu dəyərlərin rolu danılmazdır.

S.Tapdıqov 30 ilə yaxın Azərbaycanın 20 faiz ərazisinin işğal altında olduğunu, həmin dövr ərzində bu ərazilərin talan edildiyini, təbiətə əhəmiyyətli dərəcədə ziyan vurulduğunu xüsusi qeyd edərək 44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə zəfər çalmış dövlətimiz həmin əraziləri geri qaytarmağa nail olduğunu və bununla tarixi ədalətin bərpa edildiyini bildirib. O, azad olunmuş ərazilərdə uzun illər ərzində həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda şöhrət qazanmış coğrafi göstəricilərin qorunmasının xüsusi əhəmiyyət kəsb etdiyini, artıq bu istəqamətdə işlərə başlanıldığını və ilk olaraq bu il məşhur “Ağdam” şərabının qeydiyyata alındığını diqqətə çatdırıb.

Təqdimatın sonunda Azərbaycanın bu sahədə çox böyük potensialının olduğu və bu istiqamətdə görülən tədbirlər nəticəsində əldə olunacaq nailiyyətlərin ölkəmizlə bərabər ümumilikdə regionun iqtisadiyatının güclənməsinə öz töhfəsini verəcəyi bildirilib.

Simpozium çərçivəsində region ölkələrinin coğrafi göstəricələrinin sərgisi də təşkil olunub. Sərgidə Azərbaycan Respublikası üçün ayrılmış pavilyonda ölkəmizə məxsus coğrafi göstəricilər (Sirab, Badamlı, Meysəri, Ağdam şərabı, Şəki halvası) təqdim edilib, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycana məxsus xalça nümunələri (Bağmanlı xalçası, Çələbi xalçası, Qarabağ xalçası, Bağmanlı (Talış) xalçası, Butalı Qarabağ xalçası və Qarabağ modern xalçası), kəlağayı (Basqal kəlağayısı) qeyri-maddi irs nümunələri barədə ətraflı məlumat verilib.

Azərbaycan coğrafi göstəriciləri ilə təchiz edilmiş malların Antalya sərgisində nümayiş etdirilməsinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən geniş texniki və maliyyə dəstəyi göstərilmişdir.



Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×