Əqli Mülkiyyət Agentliyinin Patent müvəkkili statusu almaq istəyən şəxslərin (patent müvəkkilliyinə namizədlərin) Attestasiyası Komissiyasının Məlumatı

Patent müvəkkilliyinə namizədlərin attestasiyasının ikinci mərhələsinin
(müsahibənin) sentyabr ayında keçirilməsi nəzərdə tutulur
Məlumat verildiyi kimi,12 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən patent müvəkkili statusu almaq istəyən şəxslərin (patent müvəkkilliyinə namizədlərin) attestasiyasının test imtahanı (birinci mərhələ) keçirilmişdir.
Test imtahanının nəticələrinə əsasən, 31 namizəd 50 və daha çox bal toplayaraq attestasiyanın ikinci mərhələsində - müsahibədə iştirak etmək hüququ qazanmışdır.
Əqli Mülkiyyət Agentliyinin “Patent müvəkkili statusu almaq istəyən şəxslərin (patent müvəkkilliyinə namizədlərin) attestasiyasının ikinci mərhələsinin (müsahibənin) təşkili və keçirilməsi üzrə Attestasiya Komissiyası”nın qərarına əsasən, attestasiyanın ikinci mərhələsi (müsahibə) 2026-cı ilin sentyabr ayında keçiriləcəyi planlaşdırılır.
Müsahibə zamanı namizədlərin bilikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2000-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 6.2-ci bəndinə uyğun olaraq qiymətləndiriləcək. Qiymətləndirmə sənaye mülkiyyəti obyektləri (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici), habelə müəlliflik hüququ (kəsişmə hallarında) sahəsində Azərbaycan Respublikasının normativ hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eləcə də həmin obyektlərə dair hüquqların Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə tənzimlənməsinə dair biliklər əsasında aparılacaqdır.
Müsahibənin keçiriləcəyi tarix, vaxt və yer barədə əlavə məlumat veriləcəkdir.
Namizədlərin nəzərinə çatdırılır ki, “Patent müvəkkili statusu almaq istəyən şəxslərin (patent müvəkkilliyinə namizədlərin) attestasiyasının müsahibə mərhələsində biliklərinin qiymətləndirilməsi Meyarları” Agentliyin rəsmi internet saytının “Patent müvəkkilləri” bölməsində yerləşdirilmişdir.
Əlavə məlumat almaq üçün Əqli Mülkiyyət Agentliyinin 960 nömrəli – “Çağrı Mərkəzi”nə müraciət edə bilərsiniz.



















