Əqli Mülkiyyət Agentliyinin şərhi

Müsavat.com saytı 19 yanvar tarixindəXalidə Gərayın müəllifi olduğu “Tahir Əkbərin mahnılarının oğurlanması ilə bağlı Türkiyədə rəsmi araşdırma başladı” sərlövhəli məqalə dərc etmişdir. Məqalə Türkiyə Musiqi Əsər Sahibləri Məslək Birliyi (MESAM) tərəfindən tanınmış mərhum Azərbaycan bəstəkarı Tahir Əkbərin pozulmuş müəlliflik hüquqlarının müdafiəsi məqsədilə hazırlanıb. Bu baxımdan müəllif hüquqlarına diqqət yetirdiyinə görə Müsavat.com saytının mövqeyini dəstəklədiyimizi bildiririk. Bununla yanaşı qeyd etməliyik ki, məqalədə Əqli Mülkiyyət Agentliyinin peşəkar fəaliyyətinə uyğun olmayan bəzi yanlış fikirlərə də yol verilib. Belə ki, məqalə müəllifi X.Gəray bəstəkarın həyat yoldaşı Aybəniz Əkbərə istinad edərək yazır ki, T.Əkbərin müəlliflik hüquqlarının pozulması barədə MESAM-a müraciət etməzdən əvvəl Əqli Mülkiyyət Agentliyinə müraciət edib. Lakin guya Agentlikdə ona bəstəkarın musiqi bəstələdiyi mahnılar “Azərbaycanda Tahir Əkbərin adına, Türkiyədə isə türkiyəli müğənninin adına qoruna bilər” deyilib (?).
Bildiririk ki, Aybəniz Əkbər məsələ ilə əlaqədar, ümumiyyətlə, Agentlikdə olmamışdır. O, təxminən il yarım əvvəl Agentliyin müvafiq şöbəsinə telefonla zəng vurub məsələ barədə məlumat verərkən bəstəkarın əsərlərinin qeydiyyatdan keçirilməsinin vacibliyi, o cümlədən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 5-ci hissəsinə əsasən müəllifliklə bağlı mübahisələr yarandığı hallarda digər sübutlar olmadıqda, əsərin qeydiyyatı haqqında şəhadətnamənin məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınması ona ətraflı izah edilib. Həmçinin tövsiyə olunub ki, vərəsəliyi təsdiq edən şəhadətnamə əsasında hüquq sahibi kimi mərhum bəstəkar Tahir Əkbərin əsərlərinin qeydiyyata alınması barədə Agentliyə rəsmi müraciət edə bilər. A.Əkbər isə vərəsəlik şəhadətnaməsinin olmadığını söyləyib.
Vərəsəlik haqqında şəhadətnamənin alınması üçün Bakıdakı 19 saylı Notariat ofisinin sorğusu əsasında bəstəkarın adına müəllif qonorarının daxil olduğu barədə Agentlik tərəfindən 2025-ci il 25 iyul tarixdə arayış da verilib. Buna baxmayaraq, indiyədək Aybəniz Əkbər vərəsəlik şəhadətnaməsini Agentliyə təqdim etməmişdir.
Eyni zamanda vurğulamaq istərdik ki, bəstəkarın qızı Bəhriyyə Əkbərzadənin 2024-cü il 4 iyul tarixli müraciəti nəzərə alınaraq “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Qızıl Fond”unda saxlanılan “Əzizim” mahnısının musiqisinin Tahir Əkbərə məxsus olduğunu təsdiq edən arayış və musiqinin not yazısı Əqli Mülkiyyət Agentliyi tərəfindən MESAM-a göndərilmişdir.
Bunları ona görə xatırladırıq ki, müəllif-hüquq sahəsində peşəkar fəaliyyətlə məşğul olan Əqli Mülkiyyət Agentliyinin mütəxəssisləri tərəfindən bəstəkarın müsiqi bəstələdiyi mahnıların “Azərbaycanda Tahir Əkbərin adına, Türkiyədə isə türkiyəli müğənninin adına qoruna bilər” kimi yanlış fikir bildirilməsi məntiq, hüquq və peşəkarlıq baxımından mümkün deyil və bu iddia əsası olmayan fərziyyədir. Əgər Müsavat.com saytının müxbiri Xalidə Gəray tanınmış bəstəkar Tahir Əkbərin pozulmuş müəlliflik hüquqlarının bərpasına kömək məqsədilə məqalə hazırlayarkən məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyinin də mövqeyini öyrənsəydi, onda peşəkarlıq baxımından daha sanballı nəticə alınardı.


















