Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin 2023-cü ildə fəaliyyətinin yekunlarına dair hesabatı dinlənilib
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin (ƏMHTM) 2023-cü ildə görülmüş işlər barədə hesabatı dinlənilib.
İclası açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Agentliyin struktur bölmələrinin və tabeliyində olan qurumlarının illik hesabatlarının dinlənilməsinin və bununla əlaqədar müzakirələrin keçirilməsinin Agentlik tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və hesabatlılığın yüksəldilməsinə yönəldiyini bildirib.
ƏMHTM-nin direktoru Nəcəf Quliyev çıxış edərək keçən il ərzində lisenziyalı proqram təminatlarından istifadənin təşviq edilməsi sahəsində Agentliyin dəstəyilə iki yerli şirkətin ABŞ-ın “Trimbe Tekla” Korporasiyasının lisenziyalı iştirakçısına çevrildiyini diqqətə çatdırıb. Qeyd edib ki, “Xəzər Universiteti”nin ISMN (not nəşrlərinin və musiqi əsərlərinin yazıldığı audio-video nəşrlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə) və ISBN (kitabın beynəlxalq standart eyniliyini müəyyən edən nömrə) beynəlxalq standart eyniləşdirmə nömrələrinin Azərbaycan Respublikasında verilməsi üzrə Milli Mərkəz kimi Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi üçün komissiya yaradılıb. ISSN (dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə) üzrə ölkəmizdə Milli Mərkəz funksiyalarını yerinə yetirən “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən 9 jurnala ISSN nömrə və 7 jurnala DOI (Obyektin Rəqəmsal İdentifikatoru) prefiks nömrələr verilib. Eyni zamanda, ƏMHTM tərəfindən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinə yapışdırmaq üçün 62 mindən çox nəzarət markası verilib.
Hesabat dövründə kollektiv idarəetmə təşkilatları (KİT) ilə aparılan işlər çərçivəsində “Azərbaycan Müəllifləri” İctimai Birliyi Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçib, “Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyası” İctimai Birliyi (APKG İP) isə təkrar qeydiyyata alınıb.
"Rəqəmli və Audiovizual Yayım Sənayesi" İctimai Birliyi əlaqəli hüquq sahiblərinin hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların beynəlxalq təşkilatına (SCAPR) üzv qəbul edilib. «Müəllif Hüquqları Uğrunda» İctimai Birliyi (MHU İB) isə Türkiyə, Monqolustan, Belarus, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Rusiyanın KİT-lərinin üzv olduğu Avrasiya Hüquq Sahibləri Təşkilatlarının Konfederasiyasına (EAKOP) üzv qəbul edilib. MHU İB-nin İdarə Heyətinin sədri Gövhər Həsənzadə EAKOP-un yeni Baş direktoru seçilib. ƏMHTM-nin 2 nümayəndəsi isə Konfederasiyanın Rəyasət Heyətinə üzv qəbul olunub.
Əqli mülkiyyət mədəniyyətinin formalaşadırılması istiqaməti üzrə məlumatlılığın artırılması üçün bir sıra tədbirlər həyata keçirilib, “Əqli Mülkiyyət” jurnalının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi nömrəsi çap olunub. 2023-cü ildə Agentliyin dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində yaradılan “Əqli mülkiyyət” kafedrasında ƏMHTM-nin 4 əməkdaşı mühazirəçi-müəllim (lektor) kimi tədris prosesində iştirak edib.
Bundan əlavə, ƏMHTM-nin həmtəsisçisi olduğu “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” MMC tərəfindən dövlət qurumları və təhsil müəssisələrinin nümayəndələri üçün «İxtira və faydalı modelin patentləşdirilməsi üçün iddia sənədinin tərtibi, ekspertizası, patentlərin mühafizəsi» və «Əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyatı, istifadəsi və hüquqların qorunması» mövzularında təlimlər keçirilib. Eyni zamanda, ƏMHTM-nin əməkdaşları bir neçə ali məktəblərdə əqli mülkiyyət sahəsi ilə bağlı məruzə ilə çıxış ediblər.
Sonra hesabat ətrafında müzakirələr aparılıb, müvafiq suallar cavablandırılıb. İdarə Heyətinin sədri K.İmanov Mərkəzin fəaliyyətindəki irəliləyişləri qeyd edib, kollektiv idarəetmə təşkilatları tərəfindən toplanan müəllif qonorarının paylanılması işinə diqqətin artırılması, maarifləndirmə sahəsində “Əqli mülkiyyət” jurnalının fəaliyyətinin və keçirilən təlimlərə daha çox təşkilatların cəlb olunma işinin gücləndirilməsi, əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə sahəsində görülən tədbirlər çərçivəsində nəzarət markalarının satışının artırılması imkanlarının araşdırılması, habelə nəzarət markası yapışdırılmadan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin nüsxələrinin yayılmasının qarşısının alınması ilə bağlı Agentliyin səlahiyyətləri daxilində tədbirlərin həyata keçirilməsinin zəruriliyini bildirib və müvafiq tapşırıqlar verib.
Mərkəzin hesabatı qənaətbəxş dəyərləndirilib.