Respublika Elmi-Texniki Kitabxanası XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib

1-7 oktyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi keçirilib. Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası da sərgidə iştirak edib. Kitabxana öz stendində Azərbaycan, rus və ingilis dillərində 63 kitabı və 5 jurnalı sərgi iştirakçılarına təqdim edib.
Eyni zamanda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanovun müəllifliyi ilə nəşr olunmuş 127 kitab da sərgi çərçivəsində nümayiş etdirilib. Sərgi “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” şüarı altında keçirildiyindən, Respublika Elmi-Texniki Kitabxanası tərəfindən süni intellekt mövzusuna aid xüsusi əl işi də ziyarətçilərin diqqətinə səbəb olub. Respublika Elmi-Texniki Kitabxanasının sərgidə iştirakı ölkəmizin intellektual və mədəni həyatında elmi biliklərin yayılmasına, texnoloji yeniliklərin təbliğinə, həmçinin mütaliə mədəniyyətinin inkişafına mühüm töhfə kimi qiymətləndirilir.


























