Sahibkarlıq subyektləri və əqli mülkiyyət

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Ümumdunya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə həyata keçirdiyi Azərbaycanın aqrar-ərzaq sektorunda mikro və kiçik sahibkarlıq subyektlərinə iqtisadi artım və rəqabətqabiliyyətlilik üzrə dəstək layihəsi çərçivəsində onlayn formatda növbəti təlim keçirilib.
Tədbirdə Yeni Bitki Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Birliyin (UPOV) nümayəndəsi Leontino Tavieranın “Bitki sortlarına dair hüquqların qorunması”, layihə üzrə beynəlxalq ekspert Arifə Yılmaz Topalın “Əqli mülkiyyət və ixrac”, ÜƏMT-nin nümayəndəsi Georges Ghandourun “Layihələrin idarə edilməsi”, layihə üzrə milli ekspert Əqli Mülkiyyət Agentliyinin əməkdaşı Gülcahan Əlimərdanovanın “Əmtəə nişanlarının beynəlxalq prosedurla qeydiyyatı və mühafizəsi” mövzularında məruzələri dinlənilib. Məruzə və çıxışlarda əqli mülkiyyət aktivlərinin beynəlxalq qeydiyyatı və hüquqi mühafizəsi ilə bağlı izahlar verilib.
Layihə çərçivəsində baş tutmuş təlimdə “Artseed” MMC, “Murad Agro” MMC, “Kristal” MMC, “Veysəloğlu Şirkətlər Qrupu”nun nümayəndələri və fərdi sahibkarlar iştirak edib.
Təlimdə iştirak edən Türkiyə Respublikasında bitkilərin yetişdirilməsi üçün toz və gübrənin ixracı ilə məşğul olan “Altıntar Tarım A.Ş.” şirkətinin nümayəndəsi Əli Heydər Olcayto qazandığı uğurlar və onların səbəbləri haqqında geniş məlumat verib.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.