Avrasiya patentlərinin müəllifləri sırasında Azərbaycanın qadın alimləri də var
Rusiyanın Velikiy Novqorod şəhərində Gənc İxtiraçıların və İnnovatorların Beynəlxalq Forumu öz işinə başlayıb. Forum çərçivəsində İxtiraçı qadınlar və texnoloji sahibkarların Avrasiya konfransı keçirilib. Konfransın plenar iclasında Avrasiya Patent İdarəsinin (APİ) vitse-prezidenti Emil Məmmədov çıxış edib.
O, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) cari ildəki Beynəlxalq Əqli Mülkiyyət Günü ilə əlaqədar kampaniyasının əsas mövzusunun gender məsələsi ilə bağlı olduğunu qeyd edib. Bildirib ki, ÜƏMT-nin hesablamalarına görə, Patent Əməkdaşlığı Sazişi (PCT) sistemi vasitəsilə verilən iddia sənədlərinin yalnız 16 faizi qadınlara aiddir.
E.Məmmədov vurğulayıb ki, qadınlar elm və texnologiyanın müxtəlif sahələrində qüvvədə olan 1400-dən çox Avrasiya patentinin həmmüəllifləridir. Onlar qabaqcıl tibbi texnologiyaların, geoloji kəşfiyyat texnologiyalarının, kimya və emal sənayesi, tikinti sahəsi üçün texnologiyaların yaradılmasında iştirak edirlər.
Hazırda APİ-də ekspertizanın yekun mərhələsində olan ixtiralar arasında nüvə təhlükəsizliyi və energetika, cihazqayırma, nüvə-fizika təhlili, neft emalı və polimer materialların istehsalı sahəsində texnologiyalar var. Onların həmmüəllifləri Rusiya, Azərbaycan, Qazaxıstan və Avrasiya Patent Təşkilatının digər üzv-dövlətlərinin qadın alimləri və mühəndisləridir.
E.Məmmədovun sözlərinə görə, qadınların innovasiya və sahibkarlıq fəaliyyətində rolunun artırılması region ölkələrində sosial-iqtisadi yüksəlişə çevriləcək.