Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun Rusiyada nəşr olunan jurnalda elmi məqaləsi çap olunub
Rusiya Federasiyasında nəşr olunan “Əqli mülkiyyət. Sənaye mülkiyyəti” jurnalının beşinci nömrəsi işıq üzü görüb. Jurnalın son buraxılışı Avrasiya Patent Təşkilatının (APT) fəaliyyətinə, APT-nın üzv-dövlətlərinin əqli mülkiyyət sahəsində əldə etdikləri nailiyyətlərə həsr olunub.
Jurnalda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “Müasir əqli mülkiyyət idarəsinin formalaşdırılması və fəaliyyət göstərməsi məsələsinə dair” başlıqlı elmi məqaləsi çap olunub. Məqalədə əqli mülkiyyət idarəetmə sisteminin yaradılması məsələlərindən bəhs edilir.
K.İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv-dövlətlərində əqli mülkiyyət sahəsini tənzimləyən qurumların (ayrı və ya birgə patent təşkilatları və müəllif hüquqları idarələri) təşkilati strukturlarının icmalını verib və onların təhlilini aparıb. Məqalədə bu sahədə Azərbaycan Respublikasının təcrübəsinə xüsusi diqqət yetirilib.
Müəllif aparılmış tədqiqatlar əsasında müasir əqli mülkiyyət idarəsinin formalaşdırılması və fəaliyyəti ilə bağlı tövsiyələrini təqdim edib.