Çağrı Mərkəzi: 960
ÜƏMT tərəfindən Azərbaycanın əqli mülkiyyət və süni intellekt sahəsində irəli sürdüyü təkliflər yüksək qiymətləndirilib

ÜƏMT tərəfindən Azərbaycanın əqli mülkiyyət və süni intellekt sahəsində irəli sürdüyü təkliflər yüksək qiymətləndirilib

Xəbər verdiyimiz kimi, 2026-cı il noyabrın 9–10-da Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forum keçirilib.

Forumda müxtəlif ölkələri təmsil edən əqli mülkiyyət və innovasiya sahələrinin liderləri, dünyanın aparıcı universitetlərinin nüfuzlu alim və ekspertləri, beynəlxalq vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də süni intellekt texnologiyalarının inkişafında öncül mövqeyə malik beynəlxalq texnologiya şirkətlərinin rəhbər nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov noyabrın 10-da həmin forumda onlayn formatda çıxış edib.

Kamran İmanov ilk növbədə süni intellekt və əqli mülkiyyətin qarşılıqlı əlaqəsinə həsr olunmuş bu mühüm beynəlxalq dialoqun təşkilinə görə ÜƏMT-yə təşəkkürünü bildirib.

Kamran İmanov çıxışında Azərbaycanda süni intellektin inkişafının dövlət siyasətinin strateji prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqi və süni intellekt ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Bu baxımdan, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın qəbul edilməsi, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması ölkəmizdə rəqəmsal inkişaf və süni intellekt sahəsində dövlət siyasətinin ən yüksək səviyyədə əlaqələndirilməsinə və bu istiqamətdə institusional mexanizmlərin gücləndirilməsinə verilən xüsusi önəmin təzahürüdür.

Agentliyin sədri həmçinin çıxışında əqli mülkiyyət və süni intellekt üzrə mühüm məsələlərə toxunaraq generativ süni intellektin yaradıcılıq fəaliyyətinin mahiyyətinə və ənənəvi hüquqi anlayışlara təsirini, süni intellektin hüquq subyektliliyinin fəlsəfi, hüquqi və praktiki aspektlərini, onun yaratdığı əqli fəaliyyət nəticələrinin hüquqi mühafizəsi məsələlərini təhlil edib. K.İmanov süni intellektin hüquq subyektliliyinin mərhələli şəkildə müəyyənləşdirilməsi, onun avtonom şəkildə yaratdığı əsərlər üçün 25–30 illik xüsusi hüquqi mühafizə rejiminin tətbiqi, süni intellekt sistemlərinin təlimi zamanı istifadə olunan qorunan əsərlərə görə hüquq sahiblərinə ədalətli kompensasiyanın ödənilməsi, insan yaradıcılığının dəstəklənməsinə yönəlmiş məcburi lisenziyalaşdırma mexanizminin yaradılması, eləcə də süni intellekt tərəfindən yaradılan məzmunun hüquqi statusunu tənzimləyən xüsusi beynəlxalq protokolun hazırlanması ilə bağlı təkliflər irəli sürüb. Çıxışda texnoloji tərəqqi şəraitində yeni hüquqi mexanizmlərin formalaşdırılmasının və süni intellekt üzərində insan nəzarətinin qorunub saxlanılmasının vacibliyi vurğulanıb. (Çıxış barədə ətraflı məlumatla buradan tanış olmaq mümkündür – [keçid linki].)

Xüsusi olaraq qeyd edilməlidir ki, Forumun reqlamentinə əsasən çıxışlar üçün 3 dəqiqə nəzərdə tutulduğu halda, Forum Təşkilatçılarının dəvəti ilə Kamran İmanovun etdiyi çıxış üçün Forumun təşkilatçıları tərəfindən 10 dəqiqə vaxt ayrılmışdır.

Kamran İmanovun müasir dövrdə əqli mülkiyyət və süni intellekt məsələlərinə həsr olunmuş çıxışı Forum iştirakçıları tərəfindən diqqətlə izlənilmiş və yüksək qiymətləndirilmişdir.

Bununla əlaqədar olaraq, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru Daren Tanq Kamran İmanova təşəkkür məktubu göndərmişdir. Məktubda qeyd edilmişdir ki, Azərbaycanın müzakirələrdə fəal iştirak etməsi, süni intellekt (Sİ) və əqli mülkiyyət (ƏM) arasında inkişaf edən qarşılıqlı əlaqələrə dair öz baxışlarını və praktiki təkliflərini bölüşməsi məni xüsusilə məmnun etdi. Beynəlxalq əqli mülkiyyət sisteminin sürətli texnoloji dəyişikliklərə bundan sonra da səmərəli şəkildə cavab verməsini təmin etmək istiqamətində birgə səylərimiz çərçivəsində üzv dövlətlərimizin bu cür fəal iştirakı mühüm əhəmiyyət kəsb edir.

Search×