Əqli Mülkiyyət Agentliyində ölkəmizin BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi ilə görüş keçirilib
İyulun 29-da Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilovu qəbul edib.
Agentliyin rəhbəri Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyul tarixli Sərəncamı ilə yeni vəzifəyə təyin olunmuş Q.İsrafilovu səmimi təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
K.İmanov ölkəmizdə həyata keçirilən institusional islahatlar nəticəsində 2018-ci ildə müəlliflik hüququ və sənaye mülkiyyəti sahələri üzrə səlahiyyətləri özündə birləşdirən vahid dövlət qurumu olan Əqli Mülkiyyət Agentliyinin yaradıldığını qeyd edərək hazırda tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Respublika Elmi–Texniki Kitabxanası olan Agentliyin geniş spektrli funksiyaları yerinə yetirdiyini diqqətə çatdırıb və bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə Əqli Mülkiyyət Agentliyinin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin yaradıldığını bildirib.
Agentliyin rəhbəri mənzil-qərargahı Cenevrə şəhərində yerləşən, BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə ölkəmiz arasında uğurlu əməkdaşlıq əlaqələrinə toxunaraq Azərbaycanın əqli mülkiyyət sahəsindəki uğurları, beynəlxalq reytinq göstəricilərində ölkəmizin nəzərəçarpacaq irəliləyişləri haqqında qonağa məlumat verib, cari ilin iyunun 22-də ÜƏMT-nın Baş direktoru Daren Tanq ilə keçirilmiş video görüşdə bir sıra məsələlərin qaldırdığını və ÜƏMT çərçivəsində müzakirə olunmasını təklif etdiyini vurğulayıb.
Qəbul üçün təşəkkürünü bildirən Q.İsrafilov tanışlıq və məlumat xarakterli bu görüşün, aparılan geniş müzakirələrin Azərbaycan ilə ÜƏMT arasında mövcud sıx əlaqələrin yeni vəzifəsində daha da inkişaf etdirilməsinə köməklik edəcəyinə əmin olduğunu bildirib.