Vaxtilə kvazi məhkəmə orqanı hesab olunan Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının sədri olmuş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi olan Günel Sevdimaliyevanın müsahibəsi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının rəsmi saytında dərc olunub

Bununla bağlı ÜƏMT-nin rəsmi saytında dərc olunan yazını diqqətinizə çatdırırıq:
2022-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatı martın 10-nu Qadın Hakimlərin Beynəlxalq Günü kimi qeyd edir. Bu günün qeyd olunması ilə BMT məhkəmə hakimiyyətinin bütün səviyyələrində qadınların mövcud və gələcək iştirakını təşviq etməyi, qadın hakimlərin qarşılaşdıqları çətinlikləri və əldə etdikləri nailiyyətləri diqqətə çatdırmağı, həmçinin gələcək nəsli ruhlandırmağı məqsəd qoyur.
ÜƏMT Məhkəmə İnstitutu vasitəsilə öz yurisdiksiyalarında və qlobal miqyasda əqli mülkiyyət mübahisələrinin həllinə mühüm töhfələr vermiş görkəmli qadın hakimlərlə əməkdaşlıq etmək imtiyazına malikdir. Onların baxışları ən dinamik və məsuliyyət tələb edən peşələrdən birində yüksəlmək üçün zəruri olan iradə və qətiyyətə dair geniş və dəyərli təsəvvür yaradır. ÜƏMT Qadın Hakimlərin Beynəlxalq Günü münasibətilə bu gün onların təcrübələrindən bir neçəsini xüsusi olaraq diqqətə çatdırmaqdan məmnunluq duyur.
(Məlumat üçün qeyd edirik ki, həmin qadın hakimlərdən biri də Bakı Apellyasiya Məhkəməsinin hakimi Günel Sevdimaliyevadır. G.Sevdimalıyeva hakim təyin olunanadək kvazi məhkəmə orqanı hesab olunan Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının sədri kimi fəaliyyət göstərmişdir. ÜƏMT-nin rəsmi saytında G.Sevdimalıyeva ilə olan müsahibəni diqqətinizə çatdırırıq.)
Sizi hakim olmağa nə ilhamlandırdı və bu məqsədi reallığa çevirmək üçün hansı əsas qərarları qəbul etdiniz və ya hansı imkanlardan yararlandınız?
Məhkəmə sistemində fəaliyyət göstərmək arzusu hüquq üzrə praktiki fəaliyyət və dövlət xidmətində çalışma təcrübəsi nəticəsində formalaşdı. Azərbaycanın hüquq sistemində göstərdiyim fəaliyyət zamanı müşahidə etdim ki, məhkəmə qərarları hüquqi müəyyənliyə, iqtisadi fəaliyyətə və dövlət institutlarına ictimai etimada birbaşa təsir göstərir. Məhkəmə hakimiyyəti mənim üçün müstəqillik, peşəkarlıq və məsuliyyətin qovuşduğu bir sahə kimi cəlbedici görünürdü. Bu məqsədə doğru əsas addımlar mürəkkəb mübahisələr, xüsusilə inzibati və əqli mülkiyyət məsələləri üzrə təcrübə qazanmaq, hüquqi yazı bacarıqlarımı davamlı şəkildə təkmilləşdirmək və məhkəmə təlim proqramlarında fəal iştirak etmək oldu. Bu imkanlar uzunmüddətli məqsədin reallığa çevrilməsinə kömək etdi.
Əqli mülkiyyət sahəsinə marağınız necə formalaşdı və niyə bu sahədə fəaliyyətinizi davam etdirirsiniz?
Əqli mülkiyyət hüququna marağım Azərbaycanın innovasiya, rəqəmsallaşma və beynəlxalq ticarətlə əlaqələrinin genişlənməsi fonunda formalaşdı. Əqli mülkiyyət hüququ hüquq, texnologiya və iqtisadi siyasətin kəsişdiyi sahədir. Bu sahədə fəaliyyətimi davam etdirməyimin səbəbi ondan ibarətdir ki, hakimlər milli qanunvericiliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən idarə olunan beynəlxalq müqavilələrlə uzlaşdıraraq şərh etməli, hüquq sahiblərinin müdafiəsi ilə ictimai maraq arasında balansı təmin etməlidirlər.
Əqli mülkiyyət mübahisəsi üzrə qərar qəbul etdiyiniz zaman gündəlik işiniz necə görünür?
Tipik iş günü iddia tələblərinin, texniki sübutların, ekspert rəylərinin və tətbiq olunan qanunvericiliyin – o cümlədən İnzibati Prosessual Məcəllənin və müvafiq əqli mülkiyyət üzrə qanunvericiliyin – araşdırılmasını əhatə edir. Eyni zamanda beynəlxalq müqavilələrə və zəruri hallarda müqayisəli məhkəmə təcrübəsinə də diqqət yetirilir. Məhkəmə iclasları faktiki və hüquqi məsələlərin dəqiqləşdirilməsinə yönəlir, qərarların hazırlanması isə aydınlıq, hüquqi müəyyənlik və Azərbaycanın məhkəmə sistemində icra oluna bilmə prinsipinə əsaslanır.
Təcrübə alan şəxsdən mentor roluna keçid sizin üçün necə oldu və mentorlarınızdan hansısa biri sizə xüsusi təsir göstəribmi?
Mentor roluna keçid mənim üçün ciddi məsuliyyətdir. Mən intizam, etik standartlar və hakim davranışı məsələlərinə xüsusi diqqət yetirən təcrübəli hakim və hüquqşünaslardan çox faydalanmışam. Onların tövsiyələri qərarvermə yanaşmamı və peşəkar davranışımı formalaşdırıb. İndi isə həmin dəyərləri gənc həmkarlarıma ötürməyə çalışıram.
Hansı nailiyyət və ya məhkəmə qərarı ilə daha çox fəxr edirsiniz və niyə?
İnzibati və ya əqli mülkiyyət hüququnun qeyri-müəyyən sahələrinə aydınlıq gətirən və sonradan həmkarlar və ya hüquq praktikləri tərəfindən istinad edilən qərarlarla xüsusilə fəxr edirəm. Belə nəticələr qəbul edilmiş hüquqi əsaslandırmanın hüquq tətbiqi təcrübəsinə və Azərbaycanda hüquqi vahidliyin təmin edilməsinə müsbət töhfə verdiyini göstərir. (Müsahibənin sonu)
Qeyd etməyi zəruri hesab edirik, ki, ÜƏMT tərəfindən hazırlanmış yazıda müsahibə qısa şəkildə təqdim edilmişdir. Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.
Hakim Günel Sevdimalıyevanı təbrik edir, fəaliyyətində uğurlar və yeni nəaliyyətlər arzu edirik.





















