Xankəndi şəhərində əqli mülkiyyət mövzusunda təlim keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün keçirdiyi “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi” əsasında “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunan “Əqli mülkiyyət hüququ sahiblərinin məlumatlandırılması” layihəsi çərçivəsində və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkilati-metodiki dəstəyilə Xankəndi şəhərində növbəti maarifləndirmə təlimi keçirilib.
Qarabağ Universitetində təşkil olunan tədbirin açılışında çıxış edən universitetin Elm şöbəsinin müdiri Elçin İbrahimov və “Hüquqi Tədqiqatlar Mərkəzi”nin rəhbəri, Bakı Dövlət Universitetinin dosenti Bəxşeyiş Əsgərov Azərbaycanın elmi, mədəni və iqtisadi həyatında əqli mülkiyyətin rolu, dövlətimizin bu sahədə yürütdüyü məqsədyönlü siyasət, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin vətəndaş cəmiyyəti təşkilatları ilə apardıqları birgə uğurlu fəaliyyət barədə danışıblar.
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin şöbə müdiri Vüsal Quliyev Agentliyin fəaliyyəti barədə söz açaraq, əqli mülkiyyət hüququnun qorunması sahəsində qanunvericilik və əqli mülkiyyət sahiblərinin maarifləndirilməsi sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Layihənin eksperti, “Müstəqil Hüquq Mərkəzi”nin sədri Aydın Kərimov əqli mülkiyyətin mahiyyəti, informasiya texnologiyaları və əqli mülkiyyətin qarşılıqlı əlaqəsi, ali təhsil müəssisələrində əqli mülkiyyət sahəsində aparılan siyasət, müəllif hüquqlarının qorunma mexanizmi elmi əsərlərdə qarşısının alınması və s. məsələlər barədə təqdimat edib.
İnteraktiv və kazuslar üzrə keçirilən təlimdə Qarabağ Universitetinin alimləri və yaradıcı əməkdaşlarının iştirakı ilə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Təlimin sonunda Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri professor Kamran İmanovun rəhbərliyi və müəllifliyi ilə dərc olunmuş əqli mülkiyyət hüququnun müxtəlif sahələrinə dair kitablar və vəsaitlər Qarabağ Universitetinin kitabxanasına hədiyyə edilib.





















