Xudavəng monastır kompleksi
Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırının əsası eramızın ilk əsrlərində xristian missionerlərin Qafqaz Albaniyasında təbliğatla məşğul olduqları dövrdə qoyulmuşdur. Kompleksin ən erkən tikilisi olan bazilika İsa Məsihin həvarisi müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş Dadinin məzarı üzərində VIII əsrdə inşa edilmişdir.
Alban Xaçın Knyazlığının dini mərkəzi olan bu monastırda alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərmişdir. XIII əsrdə Mehranilər sülaləsindən olan Xaçın knyazı Böyük Həsənin oğlu Bəhramın ailəsi tərəfindən monastır yenilənmiş və orada əlavə tikililər inşa edilmişdir.
İşğal dövründə ermənilər tərəfindən Xudavəng monastırında qanunsuz bərpa işləri aparılmış, bir çox xaç elementlərində dəyişikliklər edilmişdir.
2020-ci il dekabrın 4-də Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələrinin Xudavəng monastır kompleksini ziyarət etmələri böyük əhəmiyyətə malik hadisə olmuşdur.
2021-ci il yanvarın 8-də isə Azərbaycan Alban-udi dini icmasının nümayəndələri Xudavəng monastır kompleksində İsa peyğəmbərin mövludu gününü - Milad bayramını qeyd etmişdilər. İcma nümayəndələri məbəd kompleksə aid kilsədə ayinlər icra etmiş, bayram duaları oxunmuş, kilsədə şamlar yandırmışdılar.