Çağrı Mərkəzi: 960
Youtube portalında “Küçələrə su səpmişəm" xalq mahnısının fars mahnısı kimi təqdim etməsi ilə bağlı Əqli Mülkiyyət Agentliyinin MƏLUMATI

Youtube portalında “Küçələrə su səpmişəm" xalq mahnısının fars mahnısı kimi təqdim etməsi ilə bağlı Əqli Mülkiyyət Agentliyinin  MƏLUMATI

Son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının Youtube portalında fars mahnısı kimi verilməsi haqqında məlumatlar yayılmışdır.

Əqli Mülkiyyət Agentliyi dərhal bu məsələni nəzarətə götürmüş və müvafiq araşdırma aparılmışdır.

Müəyyən edilmişdir ki, bir sıra YouTube kanallarında, o cümlədən, chekhabar1234Persian Songadlı kanallarda İranlı musiqiçi Fereydoun Asraeinin ifasında “Dooset daram” adlı mahnı yerləşdirilmiş və həmin mahnının Azərbaycan xalq mahnısı olması barədə məlumat qeyd edilməmişdir.

Bununla bağlı bildiririk ki, qeyd edilən mahnının musiqisi Azərbaycan xalq mahnısı “Küçələrə su səpmişəm” mahnısının musiqisidir. Burada mahnının sözləri dəyişdirilmiş və musiqinin mənşəyi barədə məlumat göstərilməmişdir. Mahnının musiqisinin bu cür mənimsənilməsi və dolayısı yolla fars musiqisi kimi təqdim olunması kobud hüquq pozuntusudur. Bu həm də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəlliflik hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və fonoqramlara dair Müqaviləsinin müddəalarına ziddir.

Mahnının Azərbaycan xalqının mədəni irsinə məxsusluğu çoxlu sübutlarla təsdiqlənir. “Küçələrə su səpmişəm” mahnısı XX əsrin əvvəllərindən başlayaraq bir sıra Azərbaycan xalq mahnıları toplularına daxil edilmişdir. Misal üçün, görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin 1927-ci ildə nəşr olunan “Azərbaycan türk el nəğmələri”, Bülbül Məmmədovun 1956-cı ildə nəşr olunan “Azərbaycan Xalq Melodiyaları” (I cild Səid Rüstəmov), görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1952-ci ildə nəşr olunan “Azərbaycan xalq mahnıları”, Davud Məmmədbəyovun 1965-ci ildə nəşr olunan “Azərbaycan lirik xalq mahnıları”, Salih Turhanın 1991-ci ildə Türkiyənin Ankara şəhərində nəşr olunan “Azerbaycan halk mahnıları” kitablarında “Küçələrə su səpmişəm” mahnısının notları və sözləri birlikdə çap olunmuşdur.

Mahnı eyni zamanda 1954-cü ildə çəkilmiş “Doğma xalqıma” adlı filmdə səsləndirilmişdir.

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1963-cü il 12 iyun tarixli ərizəsi əsasında onun tərəfindən “Küçələrə su səpmişəm” xalq mahnısını yenidən işlənmiş variantı Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) kataloqa daxil edilmiş və qeydə alınmışdır. Mahnının yenidən işlənmiş variantı Azərbaycanlı müğənni Rəşid Behbudov tərəfindən 1963-cü ildə ifa olunmuş variantı YouTube kanalına yüklənmişdir.

“Küçələrə su səpmişəm” xalq mahnısını həmçinin Azərbaycanın məşhur ifaçılarından Bülbül, Şövkət Ələkbərova və başqaları tərəfindən də səsləndirilmiş, maddi daşıyıcılara yazılaraq YouTube səhifələrinə yüklənmişdir.

Xüsusi olaraq vurğulamaq istəyirik ki, “Küçələrə su səpmişəm” xalq mahnısı İranlı musiqiçi Fereydoun Asraei tərəfindən Azərbaycan və fars dillərində ifa olunaraq “Khuneh be Dush” adlı albomda “Dustat daram” adı ilə 8-ci sırada yer almış, həmin albom onun razılığı ilə www.amazon.com saytında yerləşdirilmiş və ən əsası Azərbaycan folklor nümunəsi (by Azeri Folk) kimi qeyd edilmişdir.

Agentlik tərəfindən sadalanan faktlar və mənbələr əsasında araşdırmanın nəticələrini əhatə edən təfsilatlı müraciət hazırlanmış və Youtube portalının müvafiq bölməsinə ünvanlanaraq, chekhabar1234 və Persian Song adlı kanallarında, eləcə də digər kanallarda “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının adı və mənşəyi barədə məlumatların əlavə olunması, əks təqdirdə isə həmin kanalların bağlanılması xahiş edilib

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×