Avrasiya Patent Təşkilatının İnzibati Şurasının iclası keçirilib
2022-ci il 11-12 aprel tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının 40-cı (12-ci növbədənkənar) iclası keçirilib.
Hibrid formatda təşkil olunan tədbirə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya Federasiyası, Tacikistan və Türkmənistanın əqli mülkiyyət qurumlarının rəsmi şəxsləri, həmçinin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndələri qatılıb.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin idarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda onlayn formatda iştirak edib.
Tədbirdə APT-nın 2020-ci və 2021-ci illər üzrə hesabatı, Təşkilatın 2022-ci il büdcəsi müzakirə edilib, Avrasiya Patent Konvensiyasının (APK) Maliyyə Təlimatının yeni redaksiyası qəbul olunub, APK-nın Patent Təlimatına dəyişikliklər edilib, rüsumlarla bağlı bir sıra məsələlərə baxılıb. İclasda həmçinin APT ilə ÜƏMT-nın Beynəlxalq Bürosu arasında Patent Əməkdaşlığı Müqaviləsinə uyğun olaraq APT-nın Beynəlxalq Axtarış Orqanının və Beynəlxalq İlkin Ekspertiza Orqanının funksiyalarını yerinə yetirməsi qaydası haqqında Saziş təsdiq edilib.
Aprelin 12-də TASS İnformasiya Agentliyində APT-nın İnzibati Şurasının iclasının nəticələri ilə əlaqədar mətbuat konfransı keçirilib.
Qeyd edək ki, 1994-cü ildə yaradılmış APT Avrasiya patent sisteminin fəaliyyəti və Avrasiya patentlərinin verilməsinə dair inzibati vəzifələrin yerinə yetirilməsi məqsədilə təsis olunmuş beynəlxalq qurumdur. APT-nın idarəedici orqanları İnzibati Şura və Avrasiya Patent İdarəsidir.
Hazırda təşkilata 8 dövlət daxildir: Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya Federasiyası, Tacikistan və Türkmənistan. Azərbaycan Respublikası Avrasiya Patent Konvensiyasını1994-cü il 9 sentyabr tarixində imzalamış, 1995-ci ildə sənədin ratifikasiya edilməsi ilə təşkilatın tam hüquqlu üzvü olmuşdur.