Hakimlərə əqli mülkiyyət sahəsində təlim keçirilib
2022-ci ilin 17-18 may tarixlərində Əqli Mülkiyyət Agentliyi, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və ABŞ Ticarət Departamentinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP) birgə təşkilatçılığı ilə hakimlər üçün “Əqli mülkiyyət barədə məhkəmə qərarı” mövzusunda seminar keçirilib.
Tədbirin açılışında çıxış edən Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Xudayət Həsənli, ABŞ-nın Azərbaycandakı səfirinin müavini cənab Maykl Dikerson və CLDP proqramının beynəlxalq hüquq məsləhətçisi xanım Arezo Yazd hakimlər üçün əqli mülkiyyət sahəsində təlimin keçirilməsinin əhəmiyyətini vurğulayıblar və tədbirin işinə uğurlar arzulayıblar.
Seminarda X.Həsənlinin “Azərbaycanda patent hüquqlarının təminatı məsələləri” mövzusunda məruzəsi dinlənilib.
ABŞ-nın Altıncı Dairə Apelyasiya məhkəməsinin hakimi xanım Bernis Donald, ABŞ-nın Minnesota şəhəri məhkəməsinin hakimi xanım Beki Torson və Bakı şəhəri inzibati məhkəməsinin hakimi Günel Sevdimalıyeva əqli mülkiyyət kazusları üzrə məhkəmə qərarıları haqqında ABŞ və Azərbaycan təcrübələri haqqında ətraflı məlumat veriblər.
Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərov və həmin şöbənin müdir müavini Faiq Əlizadə Agentliyin müəlliflik hüququ və sənaye mülkiyyəti obyektləri üzrə mübahisələrin həlli üzrə fəaliyyəti və bu sahədə məhkəmə təcrübəsi barəsində təqdimatlar ediblər.
Təlim prosesində vurulan zərərin hesablanması, əmtəə nişanları, müəlliflik hüququ, retranslyasiyaya görə müəllif qonorarının ödənilməsi, kommersiya sirri, proqram təminatı lisenziyaları, o cümlədən əqli mülkiyyət sahəsində məhkəmə işləri barədə geniş fikir mübadiləsi aparılıb.