Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatı (APT) tərəfindən APT-nın üzv-dövlətlərində əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması sahəsində texnoparkların imkanlarının genişləndirilməsinə yönəlmiş pilot layihə çərçivəsində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Regional Görüş”ü keçirilib.
Beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin direktor müavini Faiq Əlizadə və Bakı Mühəndislik Universitetinin Sənaye Mühəndisliyi kafedrasının dosenti, universitetin Texnoparkında fəaliyyət göstərən “Yeni fikir” layihəsinin rəhbəri İsa Qasımov iştirak ediblər. Agentliyin nümayəndəsi Azərbaycanda innovasiya sahəsində aparılan islahatlar barədə konfrans iştirakçılarına məlumat verib, yeni yaradılan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin infrastruktur və imkanlarının genişləndirilməsi, tenxoprkların və texnologiyaların kommersiyalaşdırılması ofislərinin yaradılmasına dəstək verilməsi istiqamətində Agentliyin rəhbərliyi ilə aparılan işlər barədə məruzə edib.
Regional görüşdə ÜƏMT və APT ekspertləri tərəfindən texnoparkların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı çıxışlar edilib. Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Türkmənistanda fəaliyyət göstərən texnoparkların nümayəndələri öz ölkələrində texnoparkların cari vəziyyəti, onların inkişafı istiqamətində görülən işlər, texnoparklarda əqli mülkiyyət siyasəti sahəsində təcrübə barədə məlumat veriblər.