Əqli Mülkiyyət Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Mayın 7-də Əqli Mülkiyyət Agentliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbiri Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov açaraq, müasir Azərbaycan dövlətçiliyinin qurulmasında görkəmli dövlət xadimi və dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz rolunu vurğulayıb. O, keçən əsrin 90-cı illərinin əvvəlində, ölkədə hərc-mərclik və xaosun baş verdiyi dövrdə Ulu Öndərin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizin formalaşmasının və möhkəmlənməsinin əsasını qoyduğunu bildirib. Qeyd edib ki, hələ sovet dövründə məhz Heydər Əliyevin Azərbaycandakı birinci siyasi hakimiyyəti illərində ölkəmizdə iri sənaye obyektləri inşa edilmiş, Azərbaycan gənclərinin ümumittifaq miqyaslı müxtəlif ali məktəblərdə təhsil alınmasına şərait yaradılmış və onların mütəxəssis kimi hazırlığına dəstək göstərilmişdir. S.Tapdıqov Ümummilli Liderin təməlini qoyduğu daxili və xarici siyasətin müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Tədbirdə Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədlinin məruzəsi dinlənilib. Məruzədə Ulu Öndərin ölkəmizin hərtərəfli inkişafına misilsiz töhfələr verməsi, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafının bu dahi şəxsiyyətin daim diqqətində olduğu vurğulanıb. M.Məmmədli Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun fikirlərinə istinad edərək, Heydər Əliyevin milli əqli mülkiyyət sisteminin müəllifi və yaradıcısı olduğunu bildirib. O, məhz Ümummilli Liderin böyük təcrübəsi və müdrik siyasi istedadı nəticəsində Azərbaycanı gələcəyə aparan yolun bacarıqlı əllərdə olduğunu vurğulayıb.



















